Ankarada fevralın 19-da Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında imzalanan peşə təhsili sahəsində əməkdaşlığa dair Protokola əsasən yaradılacaq Türkiyə-Azərbaycan Peşə Təhsili Mərkəzinin fəaliyyət istiqamətləri açıqlanıb.
Türkiyənin milli təhsil naziri Ziya Səlcuq bildirib ki, yeni yaradılacaq Türkiyə-Azərbaycan Peşə Təhsili Mərkəzində informasiya texnologiyaları, qarşılama, yerləşdirmə və səyahət xidmətləri, mebel və daxili dizayn, moda dizaynı sahələrində təhsil verilməsi planlaşdırılır.
“Azərbaycanlı həmkarım Emin Əmrullayevlə Azərbaycanda 1993-cü ildən bəri fəaliyyət göstərən Bakı Türk məktəblərinin mövcud durumu və gələcəkdəki vəziyyəti baxımından nə işlər görə biləcəyimizi müzakirə etdik, ali təhsil sahəsində tələbə aktivliyindən məmnunluğumuzu ifadə etdik. Görüşümüzdə ayrıca olaraq Azərbaycanda Türkiyə Maarif Vəqfinin təhsil fəaliyyətlərini tənzimləmək üçün hazırlanmış memorandumun imzalanması məsələsində qarşılıqlı müsbət fikirlərimizi ifadə etdik”, - deyə türkiyəli nazir vurğulayıb.
Z. Səlcuq Azərbaycanı Qarabağda qazandığı tarixi zəfərə görə təbrik edib: “Azərbaycan xalqının uğuru bizim qürurumuzdur, onların sevinci sevincimizdir. Qarabağın yenidən bərpası məsələsində təhsilin əhəmiyyətinin fərqindəyik”.
Bölməyə aid digər xəbərlər