Qərbdən Azərbaycana qarşı “səlib yürüşü”nə bənzər hücumlar intensivləşib. COP29 tədbiri ərəfəsi başlanan bu hücumların məqsədi və arxasındakı qüvvələri görmək çətin deyil. Məqsəd beynəlxalq diqqətin Azərbaycana yönəldiyi vaxt rəsmi Bakıya qarşı qondarma ittihamlarla təzyiq etməkdir. Bu prosesdə antiazərbaycan qüvvələr ciddi aktivlik sərgiləyir, eyni zamanda, erməni diasporu/lobbisi fəal şəkildə iştirak edir. Əslində regiondakı maraqlarını təmin etməyə çalışan qüvvələr və ölkələrlə erməni diasporu/lobbisi eyni çatının alında eyni hədəfə doğru hərəkət edirlər. Avropa Parlamentinin son müzakirələri də bu prosesin tərkib hissəsidir.
COP29 fonunda müzakirəyə çıxarılan məsələlər əsasən erməni maraqlarının müdafiə edilməsinə həsr olunub. Eyni zamanda, Azərbaycana qarşı “demokratiya”, “insan haqları” adı ilə pərdələdikləri klassik ittihamlar səsləndirilir. Avropanın iş yerləri və sosial hüquqlar üzrə komissarı Nikolas Şmitin əsassız ittihamların yer aldığı bəyanatı bu kontekstdə xüsusilə diqqət çəkir. Çünki Şmitin səsləndirdiyi bəyanatda Azərbaycanla bağlı irəli sürülən iddialar Qərb ölkələrinin gündəlik reallıqlarıdır və belə görünür ki, avropalı siyasətçilər gündəlik həyatlarında rastlaşdıqları faktları “Azərbaycanda baş verir” adı ilə hazırladıqları hesabatlara daxil edirlər. Bununla həm öz ölkələrində baş verən biabırçılıqları gizlədir, həm də Azərbaycanla bağlı reallıqları araşdırmaq zəhmətinə girməmiş olurlar. Qərb ölkələrində baş verənlərə nəzər yetirdikdə bunu daha aydın görmək mümkündür.
ABŞ: rasizmin “çiçəklənməsi”
Birləşmiş Ştatlarda irqi ayrı-seçkilik, isanların rənginə, dininə, hətta siyasi mövqeyinə görə qətlə yetirilməsi gündəlik həyatı tərkib hissəsidir. Bununla yanaşı, sosial bərabərsizlik də adi hal alıb. Çikaqo Universiteti və Notr-Dam Universitetinin araşdırmalarına görə, ABŞ-da yoxsulluq səviyyəsi 11,7 faizə qədər artıb. Bu, 2020-ci ilin statistikasıdır, son 4 ildə vəziyyət psiləşməyə doğru “inkişaf edib”. Gəlirlərin ədalətli bölüşdürülməməsi, sosial bərabərsizlik isə bu ölkə üçün o qədər də təəccüblü deyil. ABŞ əhalisinin 1 faizinin xalis gəliri aşağı təbəqənin gəlirlərindən 20 dəfəyə qədər çoxdur. Pew Araşdırma Mərkəzinin sorğularına görə, amerikalıların 61 faizi ölkədə həddindən artıq iqtisadi bərabərsizliyin olduğuna inanır.
Sosial bərabərsizlik xüsusilə etnik və irqi azlıqlar arasında özünü göstərir. Çikaqo Universiteti və Notr-Dam Universitetinin araşdırmalarına görə, ABŞ-da yoxsulluq həddi son illərdə qaradərililər arasında 3,1 faiz artıb. Misal üçün, afroamerikalıların 33,5 faizi səhmlərə sahibdirsə, ağdərililərin 61 faizinin səhmləri var. Bununla yanaşı, irqi və etnik kimliyə görə qətllərin sayı daha da çoxalıb.
Nüfuzku “Southern Poverty Law Center” təşkilatının araşdırmalarına görə, ABŞ-da 900-dən çox ekstremist qrup fəaliyyət göstərir. Bura “Ku Klux Klan”, “neonasistlər”, “skindhelər”, “ağ supremasist ideologiyası”na malik olanlar, anti-miqrantlar daxildir. Ölkədə qurbanların 60 faizindən çox afroamerikalılar və asiyalı amerikalılardır. Bunu Federal Tədqiqatlar Bürosu da təsdiq edir. ABŞ həm də “polis dövləti” olaraq tanınır. “Vaşinqton Post” yazır ki, ildə mindən çox insan polis tərəfidən qətlə yetirilib. Ən çox polis zorakılığına məruz qalanlar isə afroamerikalılardır. Ferqüsson, Baltimov, Minneapolis hadisələri bunun bariz nümunələridir.
ABŞ-da 2 milyondan çox insan hələ də seçki hüququndan məhrumdur, yeganə səbəb isə onların qaradərili olmasıdır. Ümumilikdə, qaradərili əhalinin hər 13 nəfərdən birinin seçmək hüququ yoxdur. Kentukki, Virciniya, Florida ştatlarında isə qaradərililərin 20 faizi seçkilərdə iştirak edə bilmir. İrqi ayrı-seçkilik Amerika təhsil sisteminə də siyarət edib. Məlumatlara görə, 5 qaradərilidən yalnız biri təhsil almaq imkanına sahibdir. Bununla yanaşı, 5 qaradərilidən üçünün ali təhsil üçün müraciətinə mənfi cavab verilir. Orta məktəb şagirdlərinin cəmi 17 faizi qaradərili uşaqlardır. Lakin məktəbdən çıxarılanlar arasında qaradərili şagirdlər əksəriyyət təşkil edir. Hətta heyvanlara münasibətin qaradərilələrə münasibətdən daha üstün olduğuna dair fikirlər var. Texas ştatında vətəndaş hüquqları layihəsinin rəhbəri Cim Herinqton bildirir ki, “Austin məntəqəsində iki itin güllələnməsi hadisəsi bu məntəqədə iki qaradərilinin güllələnməsi hadisəsindən daha çox araşdırılıb və daha çox diqqət mərkəzində olub”.
Fransa: “beşiyində boğulan” demokratiya
Fransa hər nə qədər özünü “demokratiyanın beşiyi” adlandırsa da, Avropada demokratiya və insan haqlarının ən çox tapdandığı ölkədir. Bunu həm miqrantlara, həm müsəlmanlara, həm də sosial etirazçılara qarşı münasibətdə görmək olur.
“Sənədsiz Şəxslərə Yardım Assosiasiyası” təşkilatının hesabatına görə, Paris hava limanlarında hər il 10 minə yaxın insan saxlanılır və təcridxanalara yerləşdirilir. Kameralar həddindən artıq doludur və heç bir gigiyena tələblərinə əməl edilmir, hətta insan ləyaqətinin alçaldılması halları adiləşib. Miqrant ailələrin birləşməsi, yaxud təməl yaşamaq haqları da pozulur. Qəzalı evlərdə, yaxud müvəqqəti olaraq qohumlarının yanında yaşayan miqrant uşaqların 80 faizi təhsil almaq hüququndan məhrum edilir.
“Təhlükəsizlik” adı altında insan həyatına müdaxilə Fransa hüquq-mühafizə orqanlarının bir nömrəli iş prinsipinə çevrilib. Fransa hakimiyyəti terrorizmlə mübarizədə kəşfiyyat xidmətlərinin səlahiyyətini və texnoloji imkanlarını qanunsuz şəkildə genişləndirir. Kəşfiyyat Məlumatlarının Toplanması Texnologiyalarına Nəzarət üzrə Milli Komissiyanın hesabatına görə, Fransada 20 mindən çox insan hər il kəşfiyyat xidmətlərinin nəzarəti altına düşür, onlardan 9 minə yaxını ciddi əsas olmadan terrorçuluqda şübhəli bilinir. 2015-ci ildən etibarən hazırlanmasına start verilən qəbul edilən “Fransanın dövlət təhlükəsizliyinə təhlükə yaradanlar” siyahısı isə siyasi müxalifətin və jurnalistlərin təqibinə “hüquqi don” geyindirmək məqsədi daşıyır. Çünki siyahıya təkcə potensial və ya faktiki terrorçular, yaxud ictimai asayişi pozanlar yox, həm də jurnalist və ictimai fəallar da daxildir. Əsas maraqlı məqam odur ki, məlumat bazasında terrorçuluqda şübhəli bilinənlərin dosyeləri tez-tez dəyişsə də, siyasi fəallar və jurnalistlərin dosyeləri həmişəlik qalır.
Fransada etiraz aksiyalarının zorakılıqla dağıdılması adi hala çevrilib. Məşhur “sarı jiletlilər” hərəkatının etirazları zamanı nümayişçilərə 14 mindən çox rezin güllə atılıb, 2,5 minə yaxın insan polis tərəfindən yaralanıb, 12 mindən çox insan isə saxlanılıb. Saxlanılanlardan 2 min nəfərə ittiham hökmü çıxarılıb, bunların 40 faizi həbs cəzası idi.
Nümayişlər zamanı jurnalistlərə qarşı da zorakılıq və aqressiv hərəkətlər kütləvi hal alıb. Avropa Şurasının mətbuat azadlığına dair hesabatlarında bu faktlar öz əksini tapır. Fransa söz azadlığının pozulması və jurnalistlərə qarşı zorakılığa görə Avropa İttifaqına üzv ölkələrin ilk onluğunda yer alır. Misal üçün, 2019-cu ildə 200-dən çox jurnalist müxtəlif diskriminasiya xarakterli hallarla üzləşib, o cümlədən, qolların və qabırğaların sınması, üz nahiyəsinin zədələnməsi kimi fiziki xəsarətlər alıb, həmçinin, polis məmurları, jandarmlar və hakimlər tərəfindən hədə-qorxu gəlinib.
Fransa antisemitizmin və İslamafobiyanın da “beşiyinə” çevrilib. Yəhudilərə məxsus məzarların (2019-cu ildə 96 məzar) təhqir edilməsi, sinaqoqların dağılması və təhqir edilməsi hallar adiləşib. Eyni münasibət müsəlmanlara qarşı da sərgilənir. “İslamafobiyaya qarşı cəmiyyət” QHT-nin məlumatına görə, müsəlman qadınlar daha çox təcavüzün hədəfinə çevrilib, eyni zamanda, qəbiristanlıqların, mədəniyyət evlərinin, məscidlərin və Qurani-Kərimin təhqir edilməsi halları getdikcə artır.
Neokolonizm siyasətini davam etdirən Fransa eyni vəhşiliyi həm neo-müstəmləkə siyasəti yürütdüyü ölkələrə, həm də öz xalqına qarşı törədir.
İnsanlığın öldüyü Avropa
Bütün bunlar – insan haqları və demokratik prinsiplərin pozulması, jurnalist və siyasi fəalların təqib edilməsi, antisemitizm, İslamafobiya və s. – Avropanın hər bir ölkəsində gündəlik həyatın tərkib hissəsinə çevrilib. Azərbaycanı ittiham edən Nikolas Şmitin ölkəsində - Lüksenburqda insanlar etnik kimliyinə və dərisinin rənginə görə daha çox ittiham altına düşür, məhkəmə qarşısına çıxarılıb. Qaradərililər həm ictimaiyyət arasında, həm də dövlət idarələrində müxtəlif təzyiqlərə məruz qalır, iş tapmaq problemi ilə üzləşirlər.
Avropa İttifaqının Təməl Haqlar Agentliyinin (FRA) bu il açıqladığı hesabat isə ümumavropadakı acınacaqlı vəziyyətin real mənzərəsini göz önünə sərir. Təkcə Avropa ölkələrinin quru və dəniz sərhədlərində miqrantlara qarşı törətdikləri, onların batmaq, yaxud digər təhlükələrdən xilas edilməsi ilə bağlı heç bir addımın atılmaması bu coğrafiyada insanlığın, hümanizmin yox olduğunu göstərir. Şmit kimi avropalı siyasətçilər isə öz evlərində baş verənləri səssiz qalaraq, Azərbaycanı mövcud olmayan, uydurulmuş iddialarla ittiham edir. Bu detal təsdiq edir ki, Azərbaycana qarşı qəbul edilən qərarlar, səslənən iddialar və bəyanatlar reallığa yox, siyasi maraqlara əsaslanır.
Bölməyə aid digər xəbərlər