Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Naxçıvandan başlanan yol uğurla davam edir. Tam əminliklə söyləmək olar ki, ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. 2009-cu ildə Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Sazişi dörd ölkənin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalamışdılar. 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına çevrildi və onun üzvlərinin sayı artdı. Hazırda təşkilatın 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var. Dövlət başçısı İlham Əliyev 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə Azərbaycanın iki illik sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərdiyini, bir çox tədbirlər keçirildiyini önə çəkərək bildirmişdir ki, hazırda daha bütöv, birləşmiş şəkildə gələcəyə addımlayırıq: “Bugünkü Zirvə Görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə, ona görə ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir”. Dövlət başçısı İlham Əliyev bu günlərdə Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündəki çıxışında diqqəti Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinə yönəldərək bildirdi ki, Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyil. Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min dollar məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək. Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.
Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Prezident İlham Əliyev daim türkdilli ölkələrlə əlaqələrin inkişafına böyük önəm verir. Prezident İlham Əliyevin bu il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında qeyd etdiyi kimiŞ Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq. Şuşada keçirilmiş həmin Zirvə görüşü Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa ciddi təkan verib və təşkilatın funksionallığını keyfiyyətcə yeni müstəviyə yüksəldib. Bu cür tədbirlər, türk ölkələrinin liderləri arasında kommunikasiyaların daha da gücləndirilməsi, gündəmin aktual məsələləri ətrafında birgə müzakirə imkanlarının genişləndirilməsi, birliyimizin möhkəmləndirilməsi məqsədinə xidmət edir. Qeyd edilənlər fonunda Azərbaycanın türk dövlətləri ilə həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı daxilində əlaqələrinin yüksələn xətlə inkişafı təsdiqlənir. Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü “Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik” şüarı altında keçirildi. Tədbirin mövzusu özündə günün əsas çağırışlarını ehtiva edir. Zirvə görüşündə dövlət başçıları müxtəlif sahələr üzrə əsas məsələlərə dair qərarlar qəbul etdi, üzv və müşahidəçi dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektləri nəzərdən keçirildi. Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidentinin ikitərəfli görüşləri də diqqətdən kənarda qalmadı. Zirvə görüşünün sonunda imzalanan Bəyannamə Türk Dövlətləri Təşkilatının bundan sonrakı fəaliyyəti üçün yol xəritəsi olacaq. Ümumilikdə Zirvə görüşləri üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər