Artıq vətən həsrətimizə son qoyulub. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev anadan olduğum Füzuli rayonunun azad olunması xəbərini verməklə bütün füzulilərə yeni həyat bəxş etdi. Bu sevinc hissini sözlə ifadə etmək çox çətindir... İllərdir ürəyi torpaq, yurd həsrəti ilə alovlanıb yanan vətəndaşlarımız indi tarixi qələbə xəbərini böyük qürur hissi ilə qarşılayırlar.
Çox sevindirici haldır ki, bu gün torpağa sonsuz sevgisi olan, vətən uğrunda canından keçməyə hər an hazır olan gənc nəsil yetişir. Şəhid generalımız Polad Həşimovun qisasını alan, bir erməni generalını və iki erməni polkovnikini yalın əlləri ilə boğub məhv edən, onlarla döyüşçü dostunun həyatını xilas edən şəhid əsgərimiz Cəbrayıl Dövlətzadə Qarabağ torpağının yetirməsidir. Bu müqəddəs Vətən müharibəsində Azərbaycanımızın hər bir bölgəsindən olan oğullarımız hərb sənətinin tarixinə qızıl hərflərlə düşən qəhrəmanlıq nümunəsi, cəngavərlik rəşadəti göstərdilər. Bu müqəddəs missiyalı Vətən müharibəsində sağlamlığını itirən hər bir əsgərimizə ulu Tanrıdan şəfa diləyirəm. Bu Vətən müharibəsində döyüşən hər bir əsgərimiz milli qəhrəmanımızdır, qürur mənbəyimizdir.
Mən bu sətirləri qürur və sevinc hisləri ilə yazıram. Müzəffər ordumuzun döyüş meydanındakı qələbəsi xalqımızın, dövlətimizin və dövlətçiliyimizin tarixi zəfəridir.
Bu müqəddəs müharibədə igid oğullarımızın od püskürən nəfəsinin qarşısında mənfur, qaniçən, şərəfsiz düşmən can verdi. Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın qəhrəmanlıq tarixinə yeni bir zəfər salnaməsi yazıldı. Şəhidlərimizin ruhu sevindi. Xocalının, Ağdabanın, Kərkicahanın, Qaradağlının qisası alındı. Vətən həsrətinin yanğısı ilə dünyalarını dəyişmiş ata-analarımızın ruhu dilə gəldi. Dövlət və xalq birliyinin sarsılmaz üzvi vəhdəti müzəffər ordumuzu böyük tarixi qələbəyə doğru apardı.
Bu gün döyüş meydanında Azərbaycan əsgəri Azərbaycan kişisinin qürurunu, əzəmətini yenidən diriltdi. Azərbaycan kişisinin Cahandar ağa, Abbasqulu bəy Şadlinski, Kərbalayı İsmayıl xarakteri bir daha döyüş meydanında öz təsdiqini tapdı. Vətənimizin azadlığı yolunda şəhid olan hər bir qəhrəman əsgərimizin qarşısında baş əyirik! Eşq olsun bu aslan igidləri vətənimizə bəxş edən, onları vətənpərvərlik ruhunda tərbiyə edən ata və analara!
Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilən torpaqlarımızda tezliklə abadlığın, rifahın qurulacağı gün çox yaxındır.
Təsadüfi deyilmir ki, tarixi yaradanlar sərkərdələrdir. Azərbaycan xalqının əbədi sevgisini qazanan qalib Ali Baş Komandanımız, millətimizin fəxri İlham Əliyevə eşq olsun! Qəhrəman Azərbaycan əsgərinə eşq olsun! Uca Tanrım Ali Baş Komandanımızı və igid, qartal baxışlı, aslan ürəkli, bozqurd ruhlu əsgər və zabitlərimizi qorusun! Eşq olsun Azərbaycan – Türkiyə dostluğuna, qardaşlığına! Tezliklə Şuşamızda xarı bülbülün ətrini duymaq diləyi ilə bütün xalqımı böyük qələbə münasibətilə təbrik edirəm.
Səidə Sadıqova
Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin tabeliyində olan
4 saylı "Asan xidmət" mərkəzinin
Hüquqi Yardım Vəkili, Vəkillər Kollegiyasının üzvü
Bölməyə aid digər xəbərlər