19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
İranın Rusiyaya qarşı oyunu: Kreml bağışlamayacaq!

İranın son aylar Qafqaz siyasətində xüsusi aqressor kimi davranması və Ermənistanla bağlı bəyanatları əslində Rusiyaya meydan oxumaqdır.
QanunXəbər.com xəbər verir ki, Rusiyanın Ermənistanda xüsusilə 44 günlük savaşdan sonra nisbətən zədələnən nüfuzundan maksimum istifadə etməyə çalışan İran faktiki olaraq İrəvanı tam nüfuz dairəsinə salmaq üçün ciddi mücadilə aparır.
Məsələn, İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühurinin İrəvan rəsmiləri ilə hər gün bir neçə görüş keçirməsi, Tehran ali-hərbi rəhbərliyi “Ermənistanın ərazi bütövlüyü qırmızı xəttimizdir” deməsi, o cümlədən, XİN başçısının “İran bölgədə və sərhədlərində geosiyasi dəyişikliklərə heç vaxt dözməyəcək” ifadəsi birbaşa Rusiyaya qarşı yönəlib. Proses o həddə inkişaf edir ki, Rəisi avqust ayında prezident vəzifələrinin icrasına başladığı halda Ermənistan baş naziri ilə artıq iki dəfə rəsmi görüş keçirib, İrəvan-Tehran rəsmilərinin görüşü həddən artıq intensivləşib – elə bu gün Ermənistan XİN rəhbəri Mirzoyan Tehrana gedəcək... Həmçinin Nikol Paşinyan “İrana qarşı olan heç bir prosesdə biz qəti şəkildə yer almayacağıq” deyərək, İranın Ermənistan üçün “həyati vacib tərəfdaş və dost” olması barədə tələm-tələsik, Litvadan bəyanat verməyi vacib sayır.
Qəribə və olduqca düşündürücü məqamdır:
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür; Ermənistanda Rusiyanın 102-ci bazası və Erebunidə aviabazası yerləşir; Ermənistanın sərhədlərini Rusiya Sərhəd Xidməti qoruyur; Ermənistanın Rusiya ilə birləşmiş ordusu var; Ermənistanın dəmiryol nəqliyyatı, qaz təchizatı Rusiyanın əlindədir; Ermənistanın İranla “barter etdiyi” elektrik enerjisinin əsas mənbəyi Metsamor AES Rusiyanın nəzarətindədir; rus sülhməramlıları da Ermənistan-Azərbaycan sərhədində hər hansı narahatlıq zamanı aktiv şəkildə müdaxilə edirlər...
Əlavə edək: Ermənistan əhalisinin iş üçün üz tutduğu ölkə Rusiyadır; Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür və iqtisadi baxımdan da Rusiyanın lider olduğu blokda təmsil olunur.
Rusiyanın patronajlığında təhlükəsizlik çətiri altına alınan ölkədir Ermənistan və KTMT hər zaman bəyan edib ki, Ermənistanın dünya birliyi tərəfindən tanınan sərhədlərinə hər hansı aqressiya olarsa, o zaman KTMT – yəni Rusiya dərhal müdaxilə edəcək.
Başqa sözlə, Ermənistanın sərhəd bütövlüyünü Rusiya və KTMT qoruyur, iqtisadi baxımdan da əlaqələri Aİİ ilədir. Yaxşı, İran hara soxulur? Ermənistanın ərazi bütövlüyünün dərdini çəkmək KTMT-nin müqavilə ilə üzərinə götürdüyü öhdəlikdirsə, İran nəyi özünün “qırmızı xətti” sayır? Adama deyərlər – sənə nə? İran Rusiyanın nüfuz dairəsini niyə dürtülür? Ermənistanın təhlükəsizliyinin qarantı KTMT-dirsə, İran hansı haqla İrəvanın təhlükəsizliyindən “narahatdır”?
Digər tərəfdən, KTMT-nin siması və dünyanın supergücü Rusiyanın lideri Putin Qarabağın bütün beynəlxalq aləmdə Azərbaycan ərazisi olduğunu və müharibənin də Azərbaycan ərazisində getdiyini bildirmişdi. Hətta Azərbaycan Ermənistan ərazisində bircə ədəd raket kompleksini məhv edərkən də bununla bağlı bütün lazımı faktları – raket sisteminin Azərbaycanın mülki şəhərinə doğru terror həyata keçirdiyini əks etdirən sputnik qeydlərindən tutmuş, atəş nöqtəsinə çıxana qədər qət etdiyi məsafə – KTMT-yə təqdim etmiş, Ermənistan ərazisindəki hərbi raket sisteminin beynəlxalq hüquq normalarına uyğun məhv edildiyini dəlil-sübutla bildirmişdi.
Yəni KTMT öz müttəfiqini öz sərhədləri daxilində qoruyur!
Bəs, İran özünə niyə əl qatıb və Ermənistanla münasibətlərini hətta təhlükəsizlik müstəvisinə qaldırır?
Bu, əlbəttə ki, Rusiyaya meydan oxumaq, Rusiyanın Ermənistandakı maraqlarına zərbə vurmaq və Ermənistandakı hakimiyyətin mütəhərriliyindən sui-istifadə etməklə, Kremli sıxışdırmaqdır.
Vladimir Putin bir müddət öncə beynəlxalq tribunadan Rusiyanın özününkü olmayana toxunmadığını, ancaq “özününkü olanı” da qəti şəkildə heç kimə verməyəcəyini, bunun üçün lazım gələrsə, arsenalındakı ən ağır silahlardan istifadə edəcəyini açıq şəkildə bəyan etmişdi.
Beləliklə, İran həddən artıq təhlükəli oynayır. Çünki Kreml bunu əl-əlbət bağışlamayacaq və mütləq cavabı olacaq!


Tarix: 4-10-2021, 13:48 Oxunub: 49


Bölməyə aid digər xəbərlər