19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Dr. Kəmalə Şirinova sonsuzlugun yaranma səbəbləri, diaqnostikası, qadınlarda sonsuzluq riskini artıran amillər və sonsuzluğun müalicəsi haqqında müsahibə verdi

Müsahibim 1N-li dəmir yol Poliklinikasının Ginekologiya şöbəsinin müdiri, mama-ginekoloq Dr. Kəmalə Şirinovadır. Həkimlə sonsuzlugun yaranma səbəbləri, diaqnostikası, qadınlarda sonsuzluq riskini artıran amillər və sonsuzluğun müalicəsi haqqında danışacayıq.

-Sonsuzluq nədir?
Ümumilikdə övlad sahibi olmaq istəyən cütlüklərin qorunma üsullarından istifadə etməmələrinə və davamlı olaraq cinsi əlaqədə olmalarına baxmayaraq 1 ildən çox müddətdə övlad sahibi ola bilməmələri sonsuzluq olaraq adlandırılır. Əgər qorunmasız 1 il ərzində övlad sahibi olmayan cütlüklər otuzlu yaşlara çatıblarsa, mütləq həkimə müraciət etməlidirlər.

-Qadın sonsuzluğu və onu yaradan səbəblər hansılardır?

Qadın sonsuzluğunun ən çox rast gəlinən səbəbləri arasında yumurtalama problemləri,  uşaqlıq borularının və ya uşaqlığın zədəli olması və ya uşaqlıq boynu problemləri mövcuddur. Yaş da sonsuzluqda rol oynayır, çünki qadın yaşa dolduqca onun dünyaya uşaq gətirmə qabiliyyətində, yəni reproduktiv funksiyasında azalma müşahidə olunur.

-Qadın sonsuzluğunu təyin etmək üçün hansı diaqnostik üsullrdan istifadə olunur?

Sonsuzluğun diaqnostikası üçün anamnez toplanması və ginekoloji müayinədən başqa, bir sıra test və tədqiqatlar tələb olunur:
Cinsi yolla yoluxan xəstəlikləri müəyyən etmək üçün hər iki partnyor analizdən keçməlidir.
Qanın hormonal analizi sonsuzluğun endokrin təbiətini müəyyənləşdirir.
Rentgenoqrafiya və ultrasəs müayinənin köməkliyi ilə kiçik çanaq orqanları tədqiq olunur.
Kontrast rentgenoqrafiya sonsuzluğun uşaqlıq patologiyası və ya deformasiyası, yaxud da uşaqlıq borularının birləşməsi və ya şiş səbəbindən olub-olmamasını müəyyənləşdirir.  USM həmçinin, uşaqlıq borularının vəziyyətinin dəqiqləşdirilməsində də istifadə edilir.
Uşaqlığın selikli qişasının toxuma testləri endometriyanın hüceyrə strukturu barədə məlumat verir
Histeroskopiya vizual müayinə metodudur. Bu zaman uşaqlığa kiçik kamera daxil edilir ki, onun sayəsində polipləri, şişləri, seliyin strukturundakı dəyişiklikliyi müşahidə etmək mümkündür. Bu metodla həmçinin, toxumalardan problar da götürmək olur. Qeyd olunan üsulun informatifliyi çox yüksək, dəqiqliyi isə demək olar ki, 100%-dir.

-Qadınlarda sonsuzluq riskini artıran amillər hansılardır?
Qadının nəsilartırma qabiliyyətini endirən amillər:
Yaşı 35-dən çox olan qadınların təxminən üçdə birində fertillik problemləri qeyd olunur. Yaşa dolduqca qadının hamilə qalmaq ehtimalının azalması ilə yanaşı baş verən hamiləliyin düşüklə nəticələnməsi və uşağın anadangəlmə qüsurla doğulması ehtimalı da artır.
Yaşa dolduqca qadının hamilə olmaq ehtimalının azalması səbəbləri:
  • Onun yumurtalıqlarında yumurta hüceyrələrini yetişdirib hasil etmə qabiliyyəti azalır
  • Yumurtalıqlarda yumurta hüceyrələrinin sayı azalır
  • Yumurta hüceyrələri əvvəlki kimi sağlam deyildir
  • Fertilliyə mənfi təsir göstərən sağlamlıq problemlərinin ehtimalı artır
  • Hamiləliyin düşüklə nəticələnməsi ehtimalı artır
  • Tütünçəkmə
  • Spirtli içkilərin qəbulu
  • Bədən çəkisinin həddindən çox artması və ya azalması
  • Amenorreyaya (aybaşıların kəsilməsinə) gətirən hədsiz fiziki və ya emosional stress
 -Hamilə olmaq arzusunda olan qadınlar həkimə nə vaxt müraciət etməlidir? 
Yaşı 35-dən az olan qadın heç olmasa bir il ərzində hamilə olmağa cəhd etməlidir. Yaşı 35-dən çox olan qadınlara isə yarım il ərzində uğursuz cəhdlərdən sonra həkimə müraciət etmək məsləhət görülür. 30 yaşından sonra qadının nəsilartırma qabiliyyəti ildən ilə sürətlə azalır.
Bəzi sağlamlıq problemləri sonsuzluq ehtimalını artırır və qadın bunları həkimlə müzakirə etməlidir:
  • Qeyri-müntəzəm aybaşılar
  • Həddindən artıq ağrılı aybaşılar
  • Endometrioz
  • Çanaq orqanlarının iltihab xəstəlikləri
  • Əvvəlki hamiləliklər zamanı birdən çox düşüyün və ya spontan abortun baş verməsi
 Qadının bunları hətta hamilə qalmağa cəhd etməzdən əvvəldə həkimlə müzakirə etməsi məsləhət görülür. Həkim fertillik haqqında olan sualları cavablandırıb sağlam uşaq sahibi olmaq üçün lazımi məsləhətlər verə bilər.

Sonsuzlugun müalicə üsulları hansılardır?

Sonsuzluğa səbəb olan faktorları, sonsuzluğun müddətini, qadının yaşını, mayalanma üçün cütlüyün üstün tutduğu metodu və hər bir metodun effektivliyini, risklərini və faydasını qiymətləndirdikdən sonra həkim müəyyən metodu məsləhət görə bilər. Sonsuzluğun müalicəsində dərman, cərrahi müdaxilə, uşaqlıqdaxili inseminasiya (mayalandırma) və ya effektiv olan müxtəlif köməkçi texnologiyalar istifadə oluna bilər. 

Sonsuzluğun müalicəsi onu yaradan faktorların aradan qaldırılmasına əsaslanır:
– hər iki borunun tam tutulması zamanı cərrahi əməliyyat;
– 1 və ya hər iki borunun hissəvi bağlanmasında boruların yuyulması və bununla yanaşı medikamentoz müalicə, sonra isə təkrar HSQ (histerosalpinqoqrafiya);
– kiçik miomalar, follikulyar və ya hemorragik (qansızmalı) kistalardə dərman müalicəsi;
– iri ölçülü miomalar, endometrial poliplərdə cərrahi yol;
– yumurtalığın polikistozunda hormonal müalicə;
– cinsi infeksiyalar aşkarlandıqda, müvafiq dərmanların tətbiqi;
– kişilərdə varikosele olduqda cərrahi əməliyyat;
– prostat vəzinin konservativ (dərmanla) müalicəsi, adenoma varsa kəsilməsi.

Həkim, müsahibə üçün çox sağ olun.
Buyurun, həmişə sağlam qalın.

 

Tarix: 5-11-2020, 19:36 Oxunub: 182


Bölməyə aid digər xəbərlər
18-09-2020, 00:23 Peşəkar Səhiyyə İşçisi