19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Azərbaycanda koronavirus xəstələrinin müalicəsində əhəmiyyətli addım - FOTO

ATU-nun Tədris Terapevtik Klinikasında yeni oksigen generatoru işə salınıb.
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, bu qurğu COVID-19 xəstələrinin müalicəsi üçün çox əhəmiyyətlidir.
Bildirilib ki, ATU-nun Tədris Terapevtik Klinikasında oksigen generatorunun quraşdırılması başa çatıb və bu gün işə salınaraq, klinikada müalicə olunan xəstələri keyfiyyətli və fasiləsiz oksigenlə təmin etməyə başlayıb.
Generatorun işə salınma prosesini Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də izləyib. Rektor bu qurğunun pandemiya dövründə xüsusilə önəmli olduğunu qeyd edib.
Generatorun iş prinsipi ilə yaxından tanış olan rektor tikinti-quraşdırma işlərinin də sürətlə və yüksək keyfiyyətlə həyata keçirildiyini vurğulayıb.
Klinikanın direktoru, professor Surxay Musayev generatorun iş prinsipi haqqında məlumat verib:
“Klinikamız üçün ayırılmış “EKOMAK” və “MEDİSAM” generatorları saatda 35 kub metr oksigen istehsal etmək imkanına malikdir. Generator indiki pandemiya dövründə klinikanın keyfiyyətli oksigenə olan tələbatını tam ödəyir.
COVID-19-a yoluxmuş xəstələr, əsasən, ağciyər patalogiyalarına düçar olduğu və ağciyərləri zədələndiyi üçün həmin şəxslərin oksigen təminatına ciddi ehtiyac yaranır. Bunun üçün bir gün ərzində klinikaya 100-150 oksigen balonu gətirilirdi və xəstələrin oksigenlə təchizatı təmin edilirdi. Oksigen balonlarının bir qismi Sumqayıt, bir qismi isə Bakıda olan müəssisələrdən alınırdı.
Bəzən fasilələrin yaranma təhlükəsi olurdu ki, bu da böyük çətinliklər yaradırdı. İndi isə generatorun quraşdırılmasından sonra klinika oksigenə olan tələbatını ən keyfiyyətli oksigenlə tam təmin edəcək.
Klinikanın oksigen generatoru ilə təchiz edilməsi bizim və kollektivin çoxdankı arzusu olsa da, müəyyən maliyyə çətinliklərinə görə mümkün olmurdu. Bu gün belə yüksək istehsal gücünə malik oksigen generatoru klinikamızın istifadəsinə verilib.
Səhiyyəyə göstərilən böyük qayğıya, yaradılan bu şəraitə və dəstəyə görə ölkə prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.
Sonda oksigen generatorunun klinika üçün çox vacib olduğunu bir daha vurğulayan ATU rektoru, professor Gəray Gəraybəyli klinikada olan xəstələrin vəziyyəti, onların dərman təminatı, klinikanın ləvazimat təchizatı ilə maraqlanıb və burada müalicə alan xəstələrə möhkəm can sağlığı, çalışan tibb işçilərinə isə işlərində uğurlar arzulayıb.


Tarix: 11-07-2020, 11:09 Oxunub: 132


Bölməyə aid digər xəbərlər