Özünü bloger kimi təqdim edən Ata Abdullayev növbəti dəfə məhkəmə önünə çıxarılıb.
QanunXəbər.com Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə Ata Abdullayev çıxış edib və ağlayıb.
Ata Abdullayev ölkə rəhbərliyinin, bütün nazirlərin adını çəkərək hamısına minnətdarlığını bildirib:
“Məhkəmənin sədri Mahmud Nəbiyev, sizə də minnətdaram. Allah hamınızın canını sağ eləsin. Günahımı bilirəm. Buradan çıxmaq istəyirəm, Heydər Əliyevin, Zərifə xanımın, şəhidlərimizin, atamın məzarını ziyarət etmək istəyirəm”.
Ata Abdullayev ağlayaraq sözlərinə bunları əlavə edib: “8 aydır balaca bir yerdə tək qalıram. Təhlükəsizliyimi, psixoloji durumumu yoxlayırlar. Cənab hakim, mənim atam yoxdur, sizdən atam kimi xahiş edirəm ki, buradan çıxmağıma kömək edin”
Prosesin davamında prokuror ittiham aktını elan edib.
İttihamda yazılır ki, Ata Abdullayev Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və Formula-1 yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək onun barəsində rüsvayedici məlumat yayacağını deyib.
Ondan 10 min manat tələb edib, amma sonda Ayfon 11 Pro Max telefonu alıb.
Bundan başqa Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan məişət tullantılarını vaxtında daşınmadığına görə hədələyib. Bu mövzu ilə bağlı videoları yaymamaq üçün 6 min manat alıb.
Sahibkar Cəmil Babayevdən isə ağacları kəsdiyini iddia edərək pul alıb. Başqa bir sahibkar Elçin Əliyevdən qanunsuz tikinti aparması ilə şantaj edib və 15000 manat istəyib.
Ata Abdullayev ittihama özünə məxsus şəkildə münasibət bildirib: “Məhkəmədə iştirak etmək istəmirəm. Haqqımı sizə halal edirəm, canım sizə fəda olsun. Hökm oxuyun”.
Hakim bir daha ondan özünü təqsirli bilib-bilmədiyini soruşub. O, ittihamla razı olmadığını bildirib.
Zərərçəkmiş Elmar Əliyev dindirilən zaman bildirib ki, Ata Abdullayev ona zəng edərək deyib ki, Avropa Oyunlarından sonra Olimpiya kəndindəki evlərdən mebellər satır:
“Bunu şərikim Tural sifariş vermişdi. 10 min istədi, vermədim, canlı yayım açıb, mənim haqqımda danışdı. 2400 manatlıq telefon verəndən sonra məndən əl çəkdi, canlı yayımı da sildi”.
Ata Abdullayev isə deyir ki, onun Elmar Əliyevdən telefon aldığını təsdiqləyən heç bir sübut yoxdur: “Bəlkə müstəntiq Stiv Cobsdan arayış alıb? Heç bir sübut yoxdur. Olmayan video ilə məni ittiham edirlər”.
Zərərçəkmiş ifadəsinin sonunda Ata Abdullayevə verdiyi mobil telefonun qaytarılmasını tələb edib.
Bildirək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.
Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham olunur.
Cinayət işi üzrə Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş kimi tanınıb.
Ata Abdullayevin bu şəxslərdən şantaj yolu ilə pul tələb etdiyi bildirilir.
Qeyd edək ki, Şahlar Həsənov Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır üzrə nümayəndəsidir. Elmar Əliyev isə Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Tədbir Əməliyyat Komitəsinin maliyyə direktorudur.
Bölməyə aid digər xəbərlər