8 Noyabr Azərbaycan tarixinin həm də ona görə möhtəşəm səhifəsidir ki, biz bu gün Heydər Əliyev dühasını, şəxsiyyətini, miqyasını bir daha kəşf etdik!
Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin həmin gün Ümummilli liderimizin məzarını ziyarət etməsi və Şəhidlər Xiyabanından xalqa etdiyi müraciətdə dediyi söz tariximizə Qızıl Hərflərlə yazıldı:
“Mən bu gün, eyni zamanda, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!”
Bu sözlər Azərbaycanı dağılmaqdan qoruyan, gücsüz, zəif, ordusu hələ qurulmamış, dövlət strukturları formalaşmamış ölkəmizi 1993-cü ildə bütün xarici hücumlardan təkbaşına qoruyan Heydər Əliyevin nə qədər böyük strateji düşüncə sahibi olmasının, Azərbaycan üçün hansı fədakarlıqlar etməsinin, bizim gələcəyimiz üçün nələr düşünməsinin və Nələri Vəsiyyət Etməsinin göstəricisi idi!
Bir millət nə qədər xoşbəxt olmalıdır ki, onun ən ağır günündə Tanrı Heydər Əliyev kimi şəxsiyyəti göndərsin!
Heydər Əliyevin bütün həyat missiyası BUDUR: Azərbaycanı qorumaq, inkişaf etdirmək, əzablarını bitirmək və ərazisini Bütövləşdirmək!
İçində yaşadığımız, bu səhifələrdə şəxsən iştirak etdiyimiz üçün əlbəttə ki, hələ bu Tarixin, bu Vəsiyyətin miqyasını olduğu həcmdə təsəvvür etməkdə çətinlik çəkə bilərik. Ancaq Heydər Əliyevin belə bir vəsiyyətinin ortaya çıxması artıq təsəvvürlərdən, tarixdən, düşüncə və dünyagörüşdən daha ötə bir anlayışdır: Bu, Bir Liderin – Müstəqil Azərbaycan Respublikasının tarixində adı ən yüksəkdə yazılan Heydər Əliyevin bu xalqın qəlbini əbədi fəthi deməkdir. Şuşanı almağı Prezident olacaq oğluna vəsiyyət edən Lider artıq təkcə şəxsiyyət, böyük insan, dahi deyil, həm də əski inancımızla desək, bu milləti qoruyan əcdad ruhudur, Vətən ruhudur, üstündə yaşadığımız torpağımız, başımızın üstündəki Vətən səmasıdır!
İllərdir Heydər Əliyevin adına şəhər olması və ya şəhər salınması müzakirə edilib. Ancaq heç vaxt bu müzakirələrdə Heydər Əliyevi özündə ehtiva edən bir yer, bir şəhər tapılmayıb və yaxud fikirlər üst-üstə düşməyib!
Bunun da İlahi bir hikməti varmış, bunun da zamanı varmış, bunun da yeri varmış!
Hesab edirəm ki, o zaman, o məkan və o ideyanın tam vaxtıdır!
Azərbaycanın Ali Baş Komandanının heç kəsin gözləmədiyi, ağlının ucundan keçirmədiyi bir anda və zamanda Hadrut qəsəbəsini işğaldan azad etməsi ilə bu Tarix, Bu Məkan gəldi.
Hadrut – Heydər şəhəri olmalıdır, Heydər Əliyevin adını daşımalıdır.
Ona görə yox ki, Heydər Əliyevin adına və miqyasına layiqdir – qətiyyən! Heydər Əliyevin adına layiq şəhər Yoxdur!
Amma Heydər Əliyev ideallarına layiq şəhər Hadrut ola bilər. Heydər Əliyevin adını daşıyacaq şəhərimiz də Bu Xalqa, Bu Millətə, Bu Vətənə bir fərqli yöndən xidmət edəcək!
Əlbəttə, mən burda bütün detalları yaza bilmərəm – dost var, düşmən var!
Ancaq Azərbaycanın Qarabağ bölgəsində, Heydər Əliyevin Azadlığa qovuşmasını istədiyi qədim yurd yerimizdə məhz Heydər Əliyev adını daşıyan şəhər olmalıdır. Bu şəhər Heydər Əliyevin ideallarını, onun bu Vətən üçün etdiklərini simvolizə edəcək; bu şəhər – Bakı, Gəncə, Şuşa, Naxçıvan... kimi şəhərlərimizdən tamamilə fərqlənəcək.
Bu şəhər – Bakı olmayacaq, ancaq paytaxtımızdan daha önəmli siyasi mərkəz rolunu oynayacaq;
Bu şəhər – Şuşa olmayacaq, ancaq Şuşadan daha artıq ruhumuzun şəhərinə çevriləcək!
Bu şəhər – Gəncə, Naxçıvan... da olmayacaq.
Bu şəhər – Məhz Heydər şəhəri olacaq və o, məhz Beş İldən Sonra bir daha bizim üçün Mayak olacaq!
Bu şəhərin inkişafını necə görürəm, bilirsinizmi?
Ən ideal planla qurulan füsunkar məkan: ən müasir şəhərsalma, ən cəlbedici turizm obyektləri, ən möcüzəvi şərq üslublu binalar...
Burda elə bir Heydər məscidi ucalacaq ki, minarəsindən səslənən Azan bütün ölkəmizə yayılacaq...
Burda elə bir Heydər Əliyev Mərkəzi qurulacaq ki, ora təkcə Azərbaycanın yox, bütün Şərqin ideoloji fikir mərkəzi olacaq.
Bu qəsəbənin böyüyüb Heydər şəhəri olmasında hamımız sevə-sevə iştirak edəcəyik – Ali Baş Komandanın əmriylə Şuşa qalasına çıxan, canını Şuşaya verən əsgərlərimiz kimi...
Heydər şəhəri həm də reallaşan Qarabağ arzumuzun Simvolu olacaq!
Bölməyə aid digər xəbərlər