19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
AHİK sədri Səttar Möhbalıyev “Abşeron” və “Bilgəh” sanatoriyalarının şəraiti ilə tanış olub

İşçilərin müalicəsinin təşkili, sağlamlığının qorunması və möhkəmləndirilməsi Azərbaycan həmkarlar ittifaqlarının prioritet vəzifələrindən hesab olunur. Bu məqsədlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 8 sanatoriyası və bir müalicə pansionatı fəaliyyət göstərir. Sanatoriyalardan 6-sı ilboyu, 2-si isə mövsümi işləyir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü yollayışlarla təmin edilir, onların normal müalicəsi üçün hər cür şərait yaradılır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev mütəmadi olaraq həmkarlar ittifaqlarına məxsus olan sanatoriya-kurort müəssisələrinə baş çəkir, şəraitlə yerində tanış olur, istirahət edənlərlə söhbətlər aparır, müalicə və istirahətlərinin necə təşkil edilməsi ilə maraqlanır.

Sentyabrın 9-da AHİK sədri “Abşeron” mədə-bağırsaq sanatoriyasında və eyni məkanda yerləşən “Miras” istirahət mərkəzində olub. S.Möhbalıyev sanatoriyanın ərazisini gəzib, tibb məntəqəsinə, müalicə və yaşayış otaqlarına, yeməkxanaya və mətbəxə baxış keçirib, xəstələrlə söhbətləşib, müalicə şəraiti ilə maraqlanıb, onların fikirlərini və təkliflərini öyrənib. Yaradılmış şəraitdən minnətdarlıq ifadə edən insanlar burada aparılan müalicədən razı qaldıqlarını bildiriblər. AHİK sədri Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydalarına əməl olunma şəraiti ilə də maraqlanıb. Qeyd olunub ki, sanatoriya mütəmadi olaraq dezinfeksiya edilir, işçilərə və qonaqlara gigiyena qaydalarına riayət edilməsnin, sosial məsafənin saxlanılmasının vacibliyi, qapalı məkanlarda tibbi maskalardan istifadə edilməsinin zəruriliyi izah olunur, müvafiq tövsiyələr verilir. Həmçinin bura gələnlərdən koronavirus əleyhinə vaksinasiya olunmaları (iki dozada) barədə “COVID-19 vaksin sertifikatı” tələb olunur. S.Möhbalıyev ölkədə koronavirusa yoluxanların getdikcə artdığını, buna görə də virusdan qorunmaq üçün tələb olunan bütün qaydalara əməl olunmasının vacibliyini bildirib.

Sanatoriya Bakı şəhərindən 35 km məsafədə, Mərdəkan qəsəbəsində yerləşir və hər tərəfdən park və bağlarla əhatə olunub. İstirahətə gələnlər təcrübəli həkimlər tərəfindən müayinə olunur və 18 gün ərzində daimi tibbi nəzarət altında saxlanılırlar. Burada tam komfortlu yaşayış korpusları, böyük və kiçik konfrans zalları, istirahət otaqları, yeməkxana, həmçinin tennis meydançası, hovuz, geniş istirahət park və s. mövcuddur. Sanatoriyanın xidmətlərinə yod-brom vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə prosedurları daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir.

Yenicə təmirdən çıxmış “Miras” istirahət mərkəzi qədim memarlıq ənənələrini qoruyub saxlayıb. Burada otaqlar kondisionerlərlə, televizorlarla, soyuducu, seyf və digər məişət texnikası ilə tam təchiz edilib. Üzgüçülük hovuzu, massaj otağı, ayaq vannaları, sauna, həmçinin qapalı və açıq məkanda trenajorlar ziyarətçilərin ixtiyarındadır. Kafe-bar və restoranda zəngin Azarbaycan və Avropa mətbəxindən estetik şəkildə tərtib edilən yeməklər təqdim olunur. Otelin qonaqları istədikləri zaman mütəxəssis həkimlər – qastroenteroloq, uroloq, nevropatoloqla məsləhətləşə və zərurət halında müvafiq funksional diaqnostika müayinəsindən keçə və sanatoriya-kurort məsləhət və müalicəsini ala bilərlər.

Daha sonra Abşeron yarımadasında yerləşən “Bilgəh” kardioloji sanatoriyasına gələn S.Möhbalıyev burada yaradılmış şəraitlə tanış olub, korpus otaqlarını və şöbələri gəzib, müalicə alanların səhhəti ilə maraqlanıb.

“Bilgəh” kardioloji sanatoriyası Bakı şəhərindən 40 km məsafədə, Abşeron yarımadasının şimal sahilində, zeytun bağları və üzümlüklərin əhatəsində yerləşir. Sanatoriya müasir diaqnostik və müalicə aparaturası ilə təchiz edilmiş komfortlu müalicə şöbəsinə malikdir. Burada funksional diaqnostika, müalicəvi gimnastika, fizioterapiya, elektroyuxu terapiyası, müalicəvi masaj, oksigenoterapiya, stomatologiya və ginekologiya kabinetləri, balneoloji müalicəxana və həmçinin kliniki-diaqnostik və biokimya laboratoriyaları fəaliyyət göstərir. Arxitektura cəhətdən milli memarlıq ənənələrinə sadiq qalan sanatoriya korpusları ən son tələblərə tam cavab verir. Qonaqlara hər cür rahatlıgı olan tək və ikinəfərlik otaqlar təklif olunur. Rahat və səliqəli təşkil olunmuş müalicəvi qidalanma zalında müxtəlifliyi və zənginliyi ilə fərqlənən Azərbaycan milli mətbəxinin təamları təqdim olunur. Dincələnlər asudə vaxtlarında parkda gəzir, dəniz vannaları qəbul edir və çimərlikdə istirahət edirlər. Həmçinin burada bilyard otağı, futbol, voleybol və tennis meydançaları, eləcə də videosalon, kitabxana, kafe və digər müəssisələr ziyarətçilərin qulluğundadır. Bunlardan başqa, sanatoriya ərazisində poçt, teleqraf, mağaza yerləşir və müxtəlif məişət xidmətləri göstərilir.

Jurnalistlərə müsahibəsində AHİK sədri bildirib ki, həmkarlar ittifaqlarının əsas vəzifələrindən biri üzvlərinin istirahətinin təşkili, sağlamlıqlarının qorunması istiqamətində tədbirlər görməkdir: “Ümumiyyətlə, ölkə vətəndaşlarımızın sağlamlığının qorunması həmişə dövlətimizin diqqət mərkəzində olub. Hələ pandemiya başlayanda dövlət başçısı cənab İlham Əliyev bəyan etdi ki, bizim üçün əsas məsələ insanlarımızın sağlamlığıdır. Həmkarlar ittifaqları da bunu özünün fəaliyyətinin təməl prinsipi hesab edərək hər il 20 mindən artıq üzvünə sağlamlıqlarının bərpası üçün yollayışlar verir. Ümumilikdə isə yüz mindən artıq üzvimiz istirahət və sağlamlıq mərkəzlərinə getmək üçün yollayışlarla təmin edilir. İldən-ilə sanatoriyalarımızın maddi-texniki bazası gücləndirilir, müasir tibbi avadanlıqlarla təchiz edilir, təmir işləri aparılaraq yeni dövrün tələblərinə uyğunlaşdırılır. Burada müalicə olunmaq üçün hər cür şərait yaradılır, qonaqlara peşəkar səviyyədə xidmətlər göstərilir. Çalışırıq ki, üzvlərimizin istirahəti və sağlamlığı etibarlı şəkildə təmin olunsun. Qonaqlarla söhbət zamanı gördük ki, müharibə veteranı, şəhid ailəsindən olan üzvlərimiz də burada müalicə olunurlar. Onlar bizim qürur mənbəyimizdir, onlara diqqət göstərmək hər birimizin borcudur. Ölkə Prezidenti də həmişə şəhid ailələrinə, qazilərə, veteranlara qayğı göstərməyi tövsiyə edir”.


Tarix: 9-09-2021, 17:11 Oxunub: 64


Bölməyə aid digər xəbərlər