Türkiyənin Ankara Vəkillər Kollegiyasının üzvü, “Hüquqi tərəfləri ilə Türkiyə və Azərbaycanın ortaq erməni problemi: Yuxarı Qarabağ və 10 noyabr bəyannaməsi” kitabının müəllifi, vəkil Fərhad Aznevinin (Ferhat Aznevi) növbəti müsahibəsini təqdim edir:
- Fərhad bəy, sülhməramlı qüvvələrə beynəlxalq hüquqda necə tərif verilir və onların vəzifələri nədən ibarətdir?
- Sülhməramlı güclərin beynəlxalq hüquqda konkret şəkildə bir tərifi yoxdur. Ancaq BMT Nizamnaməsinin 6, 7, 8 və 12-ci fəsillərində beynəlxalq sülhü və təhlükəsizliyi bərpa etmək üçün hərbi və qeyri-hərbi yolların istifadəsindən bəhs edilir. Ümumiyyətlə, sülhməramlı missiya davamlı sülhün bərqərar edildiyi şəraiti formalaşdırmaq məqsədi daşıyan fəaliyyətlərdəndir. Elmi ədəbiyyatda sülhməramlı missiyalar daha çox 4 qrupa bölünür: Birincisi, əldə olunan atəşkəs razılaşmasında göstərilən şərtlərin yerinə yetirilməsini və hərbi birləşmələrin geri çəkilməsini izləmək üçün müşahidə missiyasıdır. Bu missiya silahsız şəkildə həyata keçirilir. İkincisi, ənənəvi sülhməramlı missiyasıdır. Burada əsas məqsəd döyüşən tərəflər arasında bufer kimi xidmət etməkdir. Belə missiyalarda yüngül silahlı, amma sayı çox olan kontingentdən istifadə olunur. Üçüncüsü, çoxşaxəli missiyadır. Bu növ missiyalara yalnız hərbçilər deyil, eyni zamanda polis əməkdaşları da daxil edilir. Onlar yalnız müşahidəçi kimi fəaliyyət göstərmirlər, həm də güc strukturlarında islahatlar həyata keçirir, iqtisadi islahatlarla bağlı müxtəlif vəzifələri yerinə yetirirlər. Sonuncusu isə sülhü tətbiqetmə missiyalarıdır. Belə missiyaların şəxsi heyəti çox böyük - hərbçilərlə bərabər, mülki insanlardan ibarət olur. Sözügedən missiyaların təchizatı isə yüksək səviyyədə təşkil edilir. Sülhməramlı qüvvələr daha çox BMT Təhlükəsizlik Şurasının qərarı və verdiyi mandat əsasında fəaliyyətlərini gerçəkləşdirirlər. Haitidə, Bosniya və Hersoqovinada, Kiprdə və bir çox digər bölgələrdə həyata keçirilən sülhməramlı fəaliyyətləri buna misal göstərə bilərik.
- Rusiya 4 il sonra Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilən sülhməramlı qüvvələrini çıxaracaqmı?
- Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlı qüvvələrinin xüsusiyyəti fərqlidir. Çünki burada BMT TŞ tərəfindən verilən bir missiya yoxdur. Bu missiya 10 noyabr üçtərəfli bəyanatı əsasında rus sülhməramlılarına həvalə olunub. Bəzən bəyanatda tərəf kimi Rusiyanın yerini həddindən artıq böyüdürlər. Ancaq Rusiya burda Azərbaycan və Ermənistanın razılığı əsasında sülhməramlı missiyanı həyata keçirir. Əgər tərəflərdən biri beş il sonra rus sülhməramlı qüvvələrinin bölgədə qalmasına lüzum görməsə, o zaman bu qüvvələr beynəlxalq hüquqa görə bölgəni mütləq şəkildə tərk etməlidirlər. Bundan başqa rus sülhməramlılarının müvəqqəti xidmət etdiyi yerlər Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış əraziləridir. Həm BMT-nin Nizamnaməsinə görə, həm də digər beynəlxalq hüquqi normativ aktlara əsasən, Azərbaycan öz ərazisində fəaliyyət göstərən hərbi birləşmələri istədiyi vaxt ölkədən çıxara bilər.
- Bildiyiniz kimi, bəzən rus sülhməramlıları öz statuslarına zidd olan hərəkətlərə yol verir, Ermənistanın təxribatçı fəaliyyətlərinə göz yumurlar. Bu haqda fikirlərinizi bilmək istərdik...
- Sülhməramlı qüvvələr neytrallığını qorumalı və münaqişə tərəflərinin daxili işlərinə müdaxilə etməməlidirlər. Sizə Gürcüstandan bir örnək vermək istəyirəm. 1988-1993-cü illər arasında Gürcüstanda çox şiddətli şəkildə vətəndaş müharibəsi oldu. 1992-ci ildə Rusiya, Gürcüstan və Cənubi Osetiya hərbçilərindən ibarət bir missiya quruldu. Ancaq təəssüf ki, Rusiya 2008-ci ildəki müharibə zamanı bitərəflik statusuna zidd olaraq müharibədə tərəflərdən biri kimi iştirak etdi. 2009-cu ildə Gürcüstan Rusiyanı Avropa İnsan Haqları Məhkəməsinə verdi. Məhkəmə Rusiyanın öz neytrallığını pozduğu, tərəf olduğu haqqında qərar qəbul etdi. Əlbəttə, biz Qarabağda belə bir səhvin təkrarlanmasını istəmirik. Əfsuslar olsun ki, Qarabağda rus sülhməramlılarının əhatəsində orada sanki de-fakto bir qurumun saxlanıldığının şahidi oluruq. Bu məsələ Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən rus sülhməramlılarının Qarabağdakı varlığının sorğulanmasına gətirib çıxarır. Azərbaycandan fərqli olaraq Ermənistan isə hər vəchlə rus sülhməramlılarının Qarabağda ömrünü uzatmaq istəyir. Ermənistan problemi Türkiyə və Azərbaycanın ortaq problemidir. Çünki Ermənistanın həm Türkiyəyə, həm də Azərbaycana ərazi iddiaları, eyni zamanda soyqırım iddiaları var. İnanıram ki, Türkiyə və Azərbaycanın birgə diplomatik fəaliyyəti ilə problem öz həllini tapacaq”.
Bölməyə aid digər xəbərlər