Bu gün – 18 avqust Azərbaycan sərhədçilərinin peşə bayramıdır. Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə keçirilmiş tədbirlər çərçivəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqqədəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş sərhədçilərin əziz xatirələrinin anılmasına, qazilərimizə diqqət və qayğı göstərilməsinə xüsusi yer verilmiş, Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri tərəfindən şəhid sərhədçilərin ailələrinə və Vətən müharibəsinin qazilərinə baş çəkilmişdir.
Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda qazilərimizin və şəhadət zirvəsinə ucalmış şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsi yazdıqları barədə danışılmış, onların Vətən yolunda bizlərə qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyi vurğulanmışdır.
Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən olması, qeyd olunan məsələlərin daim diqqət mərkəzində saxlanıldığı bildirilmişdir.
Həqiqətən də dövlətimizin başçısının Vətənimizin sərhədlərinin mühafizəsinə göstərdiyi diqqət və qayğı nəticəsində sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi istiqamətində xeyli uğurlar qazanılıb, bütün hərbi hissələrin müasir silah və texnika ilə təmin olunması, yeni hərbi hissələrdə və sərhəd bölmələrində lazımi şəraitin yaradılması nəticəsində Vətənimizin sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi yönündə yüksək nailiyyətlər əldə olunub. Bu sahədə görülən işlərin verdiyi səmərənin bariz nümunəsini Dövlət Sərhəd Xidmətinin Horadiz Sərhəd Dəstəsində (2002 saylı çevik hərbi hissə) görmək mümkündür.
Müstəqil media orqanının rəhbəri kimi xidməti işimlə əlaqədar ezamiyyət götürdüyüm Horadiz şəhərində olarkən, həm də bir sərhədçi əsgər anası olaraq sözügedən hərbi hissənin haqqında apardığım müşahidələrdən, yerli sakinlərdən yalnız və yalnız yüksək fikirlər eşitdim.
Öyrəndim ki, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılması məqsədilə Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində olduğu kimi, Horadizdəki hərbi hissədə də müntəzəm olaraq tərbiyəvi və mədəni-kütləvi tədbirlər və yüksək səviyyəli təlimlər keçirilir.
Bayram və əlamətdar günlərdə təşkil edilən və artıq ənənəyə çevrilən tədbirlər çərçivəsində nümunəvi xidmət edən əsgərlər fəxri fərmanlarla, “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanları ilə, qiymətli hədiyyələrlə təltif olunur, onların valideynlərinə “təşəkkür məktubları” göndərilir. Doğrudur, pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiq olunduğu dövrdə kütləvi tədbirlərə ara verilməsi məqsədəuyğun hesab edilsə də, məhdudiyyətlərin yumşaldıldığı indiki dönəmdə müəyyən qaydalar gözlənilməklə sadalanan ənənələrə sadiqlik nümayiş etdirilir.
Hərbi hissələrdə şəxsi heyətin sosial şəraitinin yüksək səviyyədə təmin edilməsi bilavasitə intizama, yüksək döyüş hazırlığına müsbət təsir göstərən əsas amillərdəndir. Validеynlər hərbi hissələrdə yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirir, övladlarını təbrik еdərək onlara Vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tapşırırlar.
Xüsusi vurğulamağa dəyər ki, sərhədçi əsgərlərə əsl kişilik nümunəsi göstərən hərbi hissə komandiri polkovnik Zəfər Bayramov ötən il Sərhədçi Günü ərəfəsində Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə” Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.
Yeri gəlmişkən qeyd edək ki, yayda havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrimizin bütün hərbi hissə və birləşmələrində olduğu kimi DSX-nin Horadiz Hərbi Dəstəsində də şəxsi heyət arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədi ilə xüsusi rejim tətbiq olunur. Bu məqsədlə günün nizam qaydalarına dəyişiklik edilərək döyüş hazırlığı məşğələləri havanın sərin olduğu səhər və axşam saatlarında keçirilir, hərbi qulluqçulara günorta saatlarında istirahət üçün vaxt da verilir. Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən, hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilir, açıq səma altında görülən xidməti işlərə cəlb olunmurlar. Əsgər yataqxanası, yeməkxana, tibb məntəqəsi, digər xidməti və inzibati otaqlar kondisioner və ventilyatorla təmin edilir.
Şübhə etməyə dəyməz ki, bunca qayğı və diqqətin, yüksək səviyyəli təlimin qarşılığında sərhəd qoşunlarının hərbi qulluqçuları içdikləri hərbi anda sadiq qalaraq öz üzərlərinə düşən vəzifəni şərəflə yerinə yetirəcək, ölkəmizin sərhədlərini etibarlı qoruyacaq, düşmən üzərində qazandığımız Böyük Qələbənin nəticələrinin qorunub saxlanılmasına sanballı töhfələr verəcəklər.
Sonda bir valideyn olaraq başda Dövlət Sərhəd Xidmətinin rəisi cənab Elçin Quliyev olmaqla, Horadiz Sərhəd Dəstəsinin rəhbəri cənab Zəfər Bayramova və DSX-nin rəhbər vəzifəli zabitlərinə sərhədçi əsgərlərimizə yaratdıqları şəraitə, göstərdikləri alqışa layiq münasibətə görə dərin təşəkkürümü bildirir, bütün sərhədçilərimizi peşə bayramları münasibətilə təbrik edirəm.
Aynurə Məmmədova Qızıl Qələm mükafatı laureatı
Bölməyə aid digər xəbərlər