Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanatın icrasını pozmağa çalışan erməni müxalifət qüvvələri azərbaycanlılara hücum etməklə hakimiyyəti Nikol Paşinyanın əlindən almağa çalışırlar.
QanunXəbər.com xəbər verir ki, bunu MDU-nun Dünya siyasəti fakültəsinin Beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko “Vestnik Kavkaza” nəşrinə açıqlamasında bildirib.
“Ermənistan silahlılarının hələ də Azərbaycan torpaqlarında qalmasının hərbi mənası yoxdur. Bu insident Ermənistan daxilindəki hakimiyyət uğrunda mübarizə ilə bağlıdır. Baxın, hücum Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri barədə açıqlamasından sonra baş verib. Artıq Azərbaycanla birbaşa dialoq aparacaq şəxs, yaxud yeni silahlı münaqişəni elan edəcək Vazgen Manukyan tipli revanşist axtarılır. Azərbaycan əsgərlərinə qarşı təşkil edilən hücumlar revanşistlərin Ermənistan hakimiyyətini ələ keçirmək cəhdidir. Məsələ burasındadır ki, müxəlifətə Ermənistan vətəndaşlarına Azərbaycan ərazisində yenidən döyüşməyə hazır olan ən böyük “vətənpərvər” olduqlarını göstərmək üçün noyabrda bağlanmış üçtərəfli Bəyanatın icrasını nəyin bahasına olursa-olsun pozmaq lazımdır. Bununla yanaşı, az-çox praqmatik əhval-ruhiyyədə olanlar yaxşı anlayırlar ki, yeni müharibə Ermənistan üçün yeni məğlubiyyətlə nəticələnəcək. Revanşistlərə qarşı çıxan tərəf üçün bu cür vəziyyət qətiyyən sərfəli deyil. Amma nə qədər ki, İrəvanda hakimiyyət uğrunda mübarizə gedir, təxribatlar və hücumlar davam edəcək”, - deyə Fenenko qeyd edib.
Onun sözlərinə görə, hazırda regionun ən ağrılı problemi Ermənistan daxilində baş verən hadisələrlə bağlıdır:
“Xatırladım ki, Vazgen Manukyan vaxtilə Ermənistanın müdafiə naziri olub və ölkənin güc strukturlarına təsirini saxlayıb. Qarabağda qalan erməni silahlılar İrəvana yollansa, revanşistlər dövlət çevrilişi üçün hazır hərbi dəstələr alacaq”.
Bölməyə aid digər xəbərlər