Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi münasibəti ilə “İrşad Electronics” jurnalistika sahəsinin daha da inkişaf etməsi və bu sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə 2020/2021-ci tədris ilində tələbə adını qazanacaq abituriyentlər üçün təqaüd proqramı elan edib.
Korporativ sosial məsuliyyət çərçivəsində reallaşdırılan layihə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə birgə həyata keçiriləcək. Proqramın məqsədi yüksək potensiala malik tələbələrə dəstək olmaqdır.
2020/2021-ci tədris ili üçün keçiriləcək qəbul imtahanlarında BDU-ya jurnalistika ixtisası üzrə Azərbaycan, rus və ingilis dili bölmələrinə ən yüksək balla qəbul olunacaq üç tələbə təqaüd proqramından faydalanacaq. İlk olaraq ən yüksək balla qəbul olan tələbələr sonradan semestr ərzində müvəffəqiyyət göstəriciləri yüksək olmuş tələbələrlə əvəz olunacaq.
“İrşad Electronics”in İdarə Heyətinin üzvü, Marketinq departamentinin rəhbəri Əli Bədəlov bildirdi ki, Milli Mətbuatımızın yolu Həsən bəy Zərdabinin yaradıcısı olduğu “Əkinçi” qəzetindən başlayır:
“Zərdabi ənənələrini bu gün də davam etdirən hər bir media mənsubunun peşə bayramını təbrik edirik. Bakı Dövlət Universitetində jurnalistika təhsilinin öz tarixi yeri və mövqeyi olduğundan, layihəni məhz bu universitetlə reallaşdırmaq qərarına gəldik. Son illərdə jurnalistika sahəsində təhsil alan tələbələrin inkişafı naminə burada atılan addımlar təqdirəlayiqdir. Bu baxımdan biz də dəstək olmaq və həmin tələbələrin gələcəkdə peşəkar kadr kimi yetişmələrində rolumuzun olmasını istədik”.
Öz növbəsində, Bakı Dövlət Universitetinin dekanı Vüqar Zifəroğlu bildirib ki, dünyada informasiya müharibəsinin getdiyi bir dövrdə məlumatların düzgün, vaxtında ötürülməsi, ölkəmizin xaricdə təbliğatının aparılmasında mediadan gözləntilər çoxdur: “Universitetimizdə bəhs etdiyimiz gözləntilərə cavab verəcək, peşəkar jurnalistlərin hazırlanmasına xüsusi diqqət yetirilir. Dövlətlə yanaşı, yerli müəssisələrin də göstərdiyi dəstək tərəfimizdən hər zaman xoş qarşılanır. “İrşad Electronics”in rəhbərliyinin və əməkdaşlarının bu addımı təqdirə layiqdir.”
Qeyd edək ki, təqaüd proqramından faydalanan tələbələr həmçinin “İrşad Electronics”də təcrübə proqramına da qoşula biləcəklər.
Artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərən “İrşad Electronics” müxtəlif markalı mobil telefonların, məişət texnikasının və elektronika mallarının topdan və pərakəndə satışını həyata keçirir. Şirkət “Samsung”, “HONOR” və “Xiaomi” kimi məşhur brendlərin Azərbaycanda rəsmi distribüteridir. Hazırda şirkətin Azərbaycanda 33 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 22-si Bakıda, biri Masazırda, biri Xırdalanda, digərləri isə regionlarda yerləşir.
Bölməyə aid digər xəbərlər