19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Dr. Mübariz Qəhrəmanovla Qlaukoma xəstəliyinin əlamətləri, diaqnostikası və müalicəsi haqqında danışacayıq

Müsahibim QanunXəbər.com İnformasiya Agentliyinin "Həkimim" Rublikasının qonağı Ak. Zərifə Əliyeva adına Milli Oftalmologiya mərkəzinin həkim-cərrah-oftalmoloqu Dr.Mübariz Qəhrəmanovdur. Həkimlə Qlaukoma xəstəliyinin əlamətləri, diaqnostikası və müalicəsi haqqında danışacayıq.

Mübariz həkim Qlaukoma xəstəliyi haqqında nə deyə bilərsiniz?

Xalq arasında "Yüksək göz təzyiqi" kimi tanınan qlaukoma xəstəliyi, yüksək göz daxili təzyiq nəticəsində göz sinirinin zədələnməsidir. Bu xəstəlik nəticəsində xəstənin görmə sahəsi tədricən daralır. Özünü xəstəliyin ən son mərhələsində bildirən hiyləgər qlaukoma gec diaqnoz olunduqda göz sinirinə mühüm və bərpa olunmaz zədə vura bilər.

Qlaukomanın əlamətləri hansılardır?

Qlaukomanın ən təhlükəli simptomu – hər hansı simtomun olmamasıdır. Əgər görmə qabiliyyətiniz sizi qane edirsə və ya burada heç bir dəyişiklik yoxdursa, bu, hələ o demək deyil ki, hər şey qaydasındadır.

Qlaukomanın əlamətləri aşağıdakılardır:
  1. Gözlərdə damarlardan ibarət torun əmələ gəlməsi.
  2. Görmədə dumanlanma.
  3. Bir və ya hər iki gözdə ağırlıq hissi.
  4. Yaxın və ya uzaq məsafəyə fokuslaşmanın çətinləşməsi.
  5. Gözlərin yorğunluğunluq dərəcəsinin arması.
  6. Bir və ya hər iki gözdə dartılan ağrıların əmələ gəlməsi.
  7. Gözlərdəki ağrının baş ağrısı və ürəkbulanma ilə müşayiət edilməsi və s.
Əgər özünüzdə bu əlamətlərin bir neçəsini hiss etsəniz, mütləq oftolmoloqun müayinəsindən keçin.

Qlaukomanın diaqnostikası necə aparılır?
Qlaukomanın diaqnostikasında gözdaxili təzyiqin təyini, göz dibinin və GSD-nin ətraflı öyrənilməsi, görmə sahəsinin, ön kamera bucağının müayinəsi mühüm əhəmiyyət kəsb edir.
Gözdaxili təzyiqi ölçmək üçün tonometriya, elastotonometriya və GDT-nin gün ərzində baş verən dəyişikliklərini əks etdirən sutkalıq tonometriyadan istifadə olunur. Gözdaxili hidrodinamikanın göstəriciləri gözün elektron tonoqrafiyasının köməyilə müəyyən edilir.
Qlaukomanın digər vacib müayinə üsulu perimetriyadır. Görmə sahəsinin sərhədləri müxtəlif üsullarla – izoptoperimetriya, kampimetriya, kompüter perimetriya və s. ilə dəqiqləşdirilir. Perimetriya görmə sahəsinin hətta pasiyent tərəfindən hiss olunmayan ilkin dəyişikliklərini aşkar etməyə imkan verir.
Qonioskopiya vasitəsilə ön kamera bucağının quruluşu, trabekulanın vəziyyəti qiymətləndirilir. Gözün USM informativ metodlardan sayılır.
Qlaukomanın mərhələsi görmə siniri diskinin vəziyyətinə əsasən müəyyənləşdirilir. Oftalmoskopiya (göz dibinə baxış) prosesində qlaukomanın xarakterik əlaməti: GSD-nin damar qıfının genişlənməsi  (ekskavasiyası) nəzərə çarpır. İfrat inkişaf etmiş mərhələdə görmə siniri diskinin kənar ekskavasiyası və rəng dəyişikliyi izlənilir.
GDS-nin struktur pozğunluqlarının daha dəqiq keyfiyyət və kəmiyyət analizi lazer skanlayıcı oftalmoskopiya, lazer polyarimetriya, optik koherent tomoqrafiya və ya Heydelberq retinotomoqrafiyası ilə aparılır.

Müalicəsi necə aparılır?
Qlaukomanın müalicəsi dərman, lazer və cərrahi üsulla aparılır. Müalicə dərmanla başlanır,əgər xəstəlik inkişaf etməyə davam edərsə bu zaman lazer və cərrahi müalicədən istifadə olunur.
Qlaukoma xəstələrində müalicə itirilmiş görməni geri qaytarmır. Müalicə görmənin daha çox itirilməsinin qarşısını almaq üçün aparılır.

Sonda pasiyentlərə məsləhətiniz?
Hətta ehtimal olunan əlamətlər olmadıqda belə, 40 yaşdan sonra görmə itiliyini və gözdaxili təzyiqi yoxlamaq məqsədilə poliklinikada mütəmadi olaraq, profilaktik oftalmoloji müayinədən keçmək vacibdir. Bu prosedurlar xoşagəlməz hisslər vermir və sağlamlıq üçün də təhlükəsizdir. Mütəxəssislər qlaukomanın inkişafına meylli faktorları sizdə aşkar edərlərsə, ildə bir dəfədən az olmayaraq, müayinəyə getmək lazımdır. Oftalmoloqun mütəmadi müayinəsi və öz sağlamlığınıza diqqətli yanaşma xəstəliyin inkişafının və ağırlaşmanın qarşısını almaqda sizə kömək edər.

Həkim müsahibə üçün çox sağ olun.
Buyurun, həmişə sağlam qalın


Həkimlə əlaqə  (+994) 50 334-16-69.  

 

Tarix: 10-02-2021, 08:01 Oxunub: 190


Bölməyə aid digər xəbərlər