19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Tovuz döyüşlərinin dərsləri - TƏHLİL

Müharibə, sadəcə, orduların qarşı-qarşıya gəlib savaşdığı hadisə deyil. Xüsusən də müasir dövrün müharibələrində qalibiyyətin şərti yaxşı silahlanmış, təchizatlı və ən əsası, böyük ruh yüksəkliyinə sahib ordu ilə yanaşı, güclü informasiya dəstəyi, aktiv hücum diplomatiyası və nəhayət, ən əsası, mənəvi-ruhi cəhətdən səfərbər olunmuş xalqın olmasıdır.
Son həftənin hadisələri göstərdi ki, Azərbaycan artıq yuxarıda sadalanan şərtləri böyük ölçüdə özündə cəm edib. Bu barədə bir qədər sonra.
Əvvəlcə ondan başlayaq ki, ötən 26 illik atəşkəs tarixinə baxsaq, Qazax, Tovuz və eləcə də, Naxçıvan cəbhəsində, yəni sərhəddə ermənilər bu cür təxribat hücumları həyata keçiriblər. Aydın məsələdir ki, Azərbaycan hücuma keçərsə, Qarabağdan başlayar, çünki ölkəmizin ümdə hədəfi işğal olunmuş torpaqların azad edilməsidir.
Tovuz, Qazax, Naxçıvan kimi dövlət sərhədi bölgələrində hücuma keçən ermənilər, əsasən, kiçik miqyaslı mövqe döyüşləri, postlara hücum etməklə cəbhədə - sərhəddə - gərginlik görüntüsü yaratmağa çalışıblar.
Təbii ki, hər dəfə də ağır zərbə alıblar. Lakin sonradan da təsdiqini tapdığı kimi, hər dəfə bu cür sərhəd təxribatlarının arxasında erməni siyasi və hərbi rəhbərliyinin gizli marağı olub. Yəni hərbi əməliyyatlar bəhanə olub. Ötən həftə baş verən Tovuz təxribatının da arxasında Yerevanın hansısa planı var. Amma o da faktdır ki, bu təxribatda erməni tərəfi həm cəbhədə, həm də siyasi-diplomatik cəbhədə qalib gələ bilmədi.
Azərbaycanda xalqın döyüş əməliyyatlarına dəstəyi, şəhid dəfnlərinə toplanan on minlərlə insandan ibarət izdihamlar və nəhayət, Bakının mərkəzində bir neçə saat ərzində heç bir açıq çağırış olmadan toplanan on minlərlə insanın ilk mesajı Ermənistana idi. 
Mümkün müharibə olarsa, o zaman Ermənistan 30 il əvvəlkindən çox-çox fərqli bir gücün və nifrətin qarşısında qalıb əzilə bilər. Bu mənada, cəbhədən daha çox arxa cəbhədə baş verənlər Ermənistan üçün sərt mesaj oldu. Bura həm də artıq sayı 30 minə çatmış və hər gün artan könüllüləri də əlavə edəndə mənzərə daha aydın olur.
İkinci mühüm nüans xarici siyasət və diaspor amili oldu. Bütün dünyada ən güclü diasporlardan biri hesab olunan erməni diasporu bu günlərdə güclü, mütəşəkkil Azərbaycan diasporu ilə qarşılaşdı. Bu dəfə dünyanın böyük ölkələrində güclü Azərbaycan diasporu etirazları oldu və ermənilər bu etirazların müqabilində zəif göründü.
Oxşar hücum taktikası diplomatiyada da özünü göstərdi. Fransada əyalət başçısının, ABŞ Konqresində bir neçə ermənipərəst senatorun bəyanatının müqabilində onlarla ölkə rəsmi səviyyədə Azərbaycana açıq dəstək verdi, haqlı mövqeyimizi müdafiə etdi. 56 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmamam Hərəkatının 120 üzv ölkəsi Azərbaycanı birmənalı olaraq dəstəklədi.
Nəhayət, ordu amili. 2016-cı il Aprel döyüşlərindən sonra Tovuz hadisələri göstərdi ki, Azərbaycanın təchizat, silah və hərbi hazırlıq baxımdan mükəmməl bir ordusu var. Düşmən arxasında həyata keçirilən zərbə əməliyyatları, müasir dövrün əsas silahı olan zərbə dronları ilə düşmənin arxa cəbhəsində qərargahların dəqiq nöqtə atışı ilə vurulması göstərdi ki, ordunun texnika və ondan yüksək səviyyədə istifadə etməyi bacaran hərbçiləri var.
Nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu Tovuz əməliyyatında ağır artilleriya, aviasiyadan istifadə etmədi.
Azərbaycan ordusunun bu illər ərzində güclü, təcrübəli, ən əsası, vətənpərvər döyüş zabitləri formalaşıb. Qarabağda, cəbhədə xidmət edən bu zabitlər mümkün müharibəni ön xəttə idarə edəcəklər. Yəni artıq bizim formalaşmış cəbhə sərkərdələrimiz var.
Tovuz hadisələri zamanı, çox təəssüf ki, bu cür igid zabitlərin bir neçəsini və ilk dəfə ordunun generalını şəhid verdik. Lakin general Polad Həşimovun və digər qəhrəman döyüşçülərin şəhadəti xalqın öz ordusuna sevgisini ortaya qoydu. Xalq öz ordusunu sevir, onu özünə doğma bilir.
Bütün yuxarıda qeyd olunan faktorlar, yəni ordunun hazırlığı, xalqın mütəşəkkil Qarabağ səfərbərliyi, könüllülərin fəallığı, xarici siyasətdəki vəziyyət, diasporun, eləcə də, xarici ölkələrin dəstəyi göstərdi ki, Azərbaycan indi böyük müharibəyə hərtərəfli şəkildə hazırdır.
Və nəhayət, sonda bir neçə kəlmə hər kəsin ürəyində olan “Qarabağda müharibə niyə başlamadı?” sualı barədə.
Əksər azərbaycanlıların ürəyindən keçən arzu məhz bu oldu: “Fürsətdir, ermənilərin Tovuza hücumlarına cavab olaraq cəbhə boyu əks-hücuma keçək, düşməni ağır məğlubiyyətə uğradıb torpaqlarımızdan qovaq”.
Bu, haqlı və yerində olan bir arzudur. Bu gün hər kəs bunu düşünür. Müharibə isə böyük mənada siyasətdir, qalibiyyətli müharibə üçün “bütün daşların yerinə oturması” lazımdır.
Bizə məlum olan bir fakt var: Bu təxribatı Tovuzda ilk olaraq ermənilər başlatdı. Deməli, sadə məntiqlə bu günlərdə müharibə və ya başqa adla, hərbi əməliyyatlar ermənilərin marağında olub. Əməliyyatların daha da genişlənməsi də bu məntiqlə onların əlinə işləyə bilərdi.
İntiqam, soyuq yeyilən yeməkdir. Səbr edib, uyğun zamanda son döyüşə başlamaq bizim əlimizdədir, artıq bununla bağlı hər cür hazırlığımız da var, yalnız uyğun zamanı gözləmək qalır.


Tarix: 20-07-2020, 17:55 Oxunub: 120


Bölməyə aid digər xəbərlər