Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində 12 sentyabrdan ölkəmizin qanunlarının tətbiqi ilə Ermənistanda başlayan həyəcanı təsəvvür etmək üçün gərək sosial şəbəkələrin erməni seqmentinə, siyasi-iqtisadi şərhçilərin kommentlərinə, erməni mediasına baxasan. Bu isə asan məsələ deyil, çünki bu məlumatlar hər yerdədir, Ermənistanın məmə deyənindən pəpə yeyəninə qədər, hamı bundan danışır.
Bu gün isə bir fərqli nüans da ortaya çıxıb. Bəlli olub ki, Azərbaycan gömrükçüləri əgər 12 sentyabrda İrana məxsus yük maşınlarından 171+51 manat rüsum alırdılarsa, cəmi 3 günə artıq nizam-intizam yaratmağa başlayıblar. Belə ki, hazırda “standart rüsum” kimi absurd qərar ləğv edilib, indi malın həcminə və dəyərinə görə qanunamüvafiq rüsum tətbiqi istiqamətində daha uyğun qiymətlər istənilir. Beləliklə, rüsum 250 dollardan başlayır və 360 dollara qədər davam edir.
Ancaq əlbəttə ki, bu da simvolik rüsumdur – zatən, bizim gömrükçülərin necə işlədiyini yaxşı bilirik, ermənilər və iranlılar isə bilmir. Eybi yox, 3 gün keçməz, tam-tamına onları da başa salarıq.
Hələ bizim gömrükçülər malın satış qiymətini hesablamayıblar axı. Rüsum qalxdıqca Ermənistanda satılan malın qiyməti də qalxacaq və başına döndüyüm gömrükçülər də yeni qiymətin nəticəsindən asılı olaraq yeni rüsum tətbiq edəcəklər. Beləcə hər 3 gündən bir İran yük maşınının keçid qiyməti qalxacaq.
Gömrükçülərimizin əlindən Gorus-Qafan yolunun Ermənistan ərazisindən keçəcək hissəsinə indidən baş vuran İran maşınlarının aqibəti isə heç yaxşı deyil. Son bir həftədə 3 qəza baş verib: dar, ensiz və təmirsiz yolda manevr edə bilməyən yük maşınları dərə aşağı uçuruma gedir.
Təəssüfedici bir məlumatı bu yerdə mütləq diqqətə çatdırmalıyam. İran sürücülərindən biri İrəvanda erməni mediasına deyib ki, onun gömrük rüsumu 360 dollar edib və o, bu pulu ödəyə bilməyib. Azərbaycan gömrükçüləri isə humanistlik göstərərək, onun maşınını buraxıblar, amma şərt də qoyublar: geri qayıdanda hər iki keçid üçün tranzit rüsumunu ödəsin.
İranlı sürücü mediaya açıqlamasında bildirib ki, yenə pulu yoxdur, ona görə də geri qayıda bilmir.
Məntiqsiz və həyasız açıqlamadır: bəs, Ermənistana malı pul qazanmaq üçün gətirməmişdin? Satmısansa, pulun niyə yoxdur? Yoxsa pay gətirmişdin?
Ona görə də gömrükçülərimiz ayrı-seçkilik etməməlidir – bizə necə, iranlıya da eləcə. Harda görünüb ki, tranzit haqqı “qayıdanbaşa” saxlanılsın? Bundan sonra ya geri qaytarın, ya da rüsumu dərhal alın! Ödəyə bilməyib, buraxılanlara isə ən pis halda “penya” hesablanmalıdır. Ödəniş edə bilmirsə, İrəvan küçəsində maşınını saxlayıb, içində illərlə yata bilər, etirazımız olmayacaq heç vaxt, “niyə qayıtmırsınız” da deməyəcəyik!
Bu arada vilayətin qubernator müavinin açıqlaması da ermənilərə yaxşı gələcək vəd etməyib. Bəllidir ki, Ermənistan təcili alternativ yol çəkir və dekabrın sonuna qədər o yolu təhvil vermək istəyir. Sözügedən yol uçurum kənarlarından, dağ və dərələrdən, təhlükəli döngələrdən ibarətdir. Erməni jurnalistlər bunu soruşub ki, yeni yol problemi aradan qaldıracaqmı?
Qubernator müavini də deyib ki, inanmır, çünki o yol çox ensiz olacaq, ən yaxşı halda bir maşın sığacaq. Yəni iranlı və ermənilər qəti ümid etməsinlər!
Yeri gəlmişkən, Gorus-Qafan yolunda xidmət edən polislərimizdən ciddi narazıyam. Ermənilər yazır ki, Azərbaycan polisi onları saxlayıb, kəmər taxmadığına və yaxud sürət həddinə görə xəbərdarlıq edir. Nə xəbərdarlıqdır? Adamlar qanunlarımızı pozur, sürət həddini aşırsa, kəmər taxmırsa, cərimə yazılmalıdır və həm də yerindəcə alınmalıdır. Özü də Azərbaycan manatı ilə.
Hələ lazım gəlsə, “apteçka”larının, yanğınsöndürmə balonlarının olub-olmaması da yoxlanmalıdır.
Niyə də olmasın? Azərbaycan yolu deyilmi? Qanunlarımız hamıya şamil edilmirmi? Nə təhər olur, azərbaycanlıya cərimə yazılır, erməniyə, iranlıya yox? Bu müstəsna hüququ onlar hardan qazanıblar?
Sonra?
Yadıma düşdü: Azərbaycan Ermənistanın verdiyi sürücülük vəsiqəsini tanıyırmı? Əlbəttə ki, yox! Bəs, erməni sürücülər Ermənistanın sürücülük vəsiqəsi ilə bizim yolda necə maşın sürə bilirlər?
Ermənilər zəhmət çəksinlər, Azərbaycanın sürücülük vəsiqəsini tanıdığı ölkələrdən - məsələn, Rusiyadan - gedib vəsiqə alsınlar, onunla idarə etsinlər maşını. Kimdə belə bir beynəlxalq sürücülük vəsiqəsi yoxdursa, bizim yoldan keçə bilməz.
Ona görə DİN-dən xahiş, qanunlarımızın təcili tətbiqi istiqamətində işlər görülməlidir.
Hələ ekoloji posta da orada çox ciddi ehtiyac olduğunu dəhşətli dərəcədə hiss edirəm. Erməni maşınlarının əksəriyyəti köhnədir və havaya zəhərli qaz buraxırlar. O qazlar ətraf mühiti elə korlayır ki, Bakıda nəfəs ala bilmirik. Niyə orda ekoloji postumuz olmamalı, maşınlar yoxlanılmamalıdır?
Dayan görüm: ta nə qaldı?
Aha, Sərhəd Xidməti! O yoldan Azərbaycan tərəfindən axtarışda olan terrorçular da keçə bilər. Sərhəd Xidməti onları bir-bir niyə yoxlamasın? Ümumiyyətlə, ölkəmizə girib-çıxan şəxslərin pasportuna niyə “tranzit” möhürü vurulmamalıdır?
Yeri gəlmişkən, yol kiçik olduğundan, o balaca post bəsdir, əlavə keçid məntəqələri və postlar tikməyə ehtiyac-zad da qəti şəkildə yoxdur. Qoy düzülsünlər növbəyə, gözləsinlər: əvvəlcə sərhədçilərimiz yoxlasın, sonra gömrükçülərimiz vergilərini alsın, sonra polisimiz nəzarət etsin ki, adam kimi maşın sürsünlər, sonra da ekoloji polsilərimiz maşınların tüstüçıxan yerinə aparatlarını soxub, ekologiyamıza zərər verib-vermədiklərini bir-bir aydınlaşdırsınlar.
İndiyə qədər İran yük maşınlarının böyük növbəsi yaranıb, elə deyirlər: həm pul tapıb verib keçə bilmirlər, həm də yoxlamaya vaxt gedir, ona görə. Eybi yox, səbirli olmaq yaxşı şeydir, növbədə günlərlə də gözləyə bilərlər. Yox, əgər gözləmək və ya Azərbaycan qanunvericiliyinə uyğun pul ödəmək istəmirlərsə, heç bir etirazımız yoxdur, qayıtsınlar geri.
Onları Ermənistana nöyüt-benzin daşımağa bizmi vadar edirik?..
Bölməyə aid digər xəbərlər