19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
İlham Əliyev 3 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
QanunXəbər.com fərmanın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. doqquz ay müddətində:
1.1.1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. həmin Qanunun 16.4-cü maddəsinə uyğun olaraq, enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.3. həmin Qanunun 22.2-ci maddəsinə uyğun olaraq, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.4. həmin Qanunun 6.9-cu maddəsinə uyğun olaraq, enerji auditinin həyata keçirilməsi üçün ixtisas attestatının formasını, verilməsi qaydasını, onun qüvvədə olma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.5. həmin Qanunun 6.14-cü maddəsinə uyğun olaraq, enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydasını və formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.6. həmin Qanunun 8.2-ci maddəsinə uyğun olaraq, enerji idarəçisinə (menecerinə) dair tələbləri, habelə onların attestasiyadan keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.7. həmin Qanunun 17.1-ci maddəsinə uyğun olaraq, binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.8. həmin Qanunun 6.3-cü maddəsinə uyğun olaraq, məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.9. həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq enerji menecment sisteminə dair tələbləri təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.10. həmin Qanunun 9.2-ci maddəsinə uyğun olaraq enerji effektivliyi müqaviləsinin nümunəvi formasını və şərtlərini, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.11. həmin Qanunun 13.2-ci maddəsinə uyğun olaraq elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydasını və qiymətləndirmə meyarlarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.12. həmin Qanunun 17.1-ci maddəsinə uyğun olaraq, binalar üçün minimum enerji effektivliyi normalarını, enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qaydalarını, enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələblərini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. həmin Qanunun 16.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Energetika Nazirliyinin təklifləri əsasında enerji effektivliyi fondunun yaradılması ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. həmin Qanunda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparatının işçilərinin say həddinin artırılması ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.13-cü, 5.1-ci, 6.3-cü (hər iki halda), 6.6-cı, 6.7-ci, 6.8-ci, 6.9-cu, 6.12-ci, 6.14-cü, 7.2-ci, 8.2-ci, 9.2-ci, 10.1-ci, 13.1-ci, 13.2-ci, 13.3-cü, 14.1-ci, 16.1-ci, 16.4-cü, 17.1-ci maddələrində, 18.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 22.1-ci və 22.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 5.1-ci, 16.1-ci, 16.4-cü və 22.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
2.3. həmin Qanunun 2.1.13-cü, 6.9-cu, 6.14-cü, 8.2-ci və 17.1-ci (binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydalarına münasibətdə) maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;
2.4. həmin Qanunun 6.3-cü (birinci halda), 7.2-ci, 9.2-ci, 13.2-ci və 17.1-ci (binalar üçün minimum enerji effektivliyi normalarına, enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qaydalarına, habelə enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələblərinə münasibətdə) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
2.5. həmin Qanunun 6.3-cü (ikinci halda), 6.6-cı, 6.7-ci, 6.8-ci, 6.12-ci, 10.1-ci, 13.1-ci, 13.3-cü, 14.1-ci maddələrində, 18.1-ci maddəsinin birinci və ikinci cümlələrində və 22.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur.
3. Bu Fərmanın icrası ilə əlaqədar qəbul ediləcək normativ hüquqi və normativ xarakterli aktlar “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi gündən tez olmayaraq qüvvəyə minir.
***
Prezident İlham Əliyev “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 noyabr tarixli 512 nömrəli Fərmanının ləğv edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 noyabr tarixli 512 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 121; 2003, № 10, maddə 582; 2007, № 8, maddə 769; 2013, № 11, maddə 1332; 2014, № 2, maddə 112; 2018, № 5, maddə 967) ləğv edilsin.
2. Bu Fərman 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli, “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli və “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 365, № 6, maddə 637; 2015, № 3, maddə 272; 2018, № 5, maddə 899; 2020, № 9, maddə 1149; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1373 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.0.2-ci yarımbənddə “(texnoloji itkilərin və sərfin azaldılması, qənaətli və daha çox fayda ilə istifadə)” sözləri “və enerji effektivliyi” sözləri ilə əvəz edilsin;
1.2. 3.0.5-ci yarımbənddə “Enerji resurslarından istifadə haqqında” sözləri “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” sözləri ilə əvəz edilsin;
1.3. 3.0.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.0.10. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq enerji auditinin həyata keçirilməsi üçün fiziki şəxslərə ixtisas attestatı verir, habelə enerji idarəçisinin (menecerinin) attestasiyadan keçirilməsində iştirak edir;”;
1.4. aşağıdakı məzmunda 3.0.10-1-ci yarımbənd əlavə edilsin:
“3.0.10-1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrini aparır və onların fəaliyyətinə nəzarət edir;”;
1.5. 3.0.19 – 3.0.21-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“3.0.19. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətini həyata keçirir;
3.0.20. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin dairəsini müəyyən edir və bu sahədə müvafiq tədbirlərinin həyata keçirilməsini təmin edir;
3.0.21. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin enerji effektivliyi fondundan maliyyələşdirilməsi üçün təkliflər verir;”;
1.6. 4.0.8-ci yarımbəndə “istifadə” sözündən sonra “və enerji effektivliyi” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2318; 2018, № 5, maddə 956; 2020, № 8, maddə 1041) ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.2.3-cü yarımbəndə “istifadənin” sözündən sonra “və enerji effektivliyinin” sözləri əlavə edilsin;
2.2. 3.1.9-cu yarımbənddə “elektrik, istilik enerjisi və qaz” sözləri “enerji” sözü ilə əvəz edilsin;
2.3. 3.1.34-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.34. effektivlik potensialının qiymətləndirilməsi əsasında enerji effektivliyi üzrə tədbirləri həyata keçirir;”.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490; 2020, № 7, maddə 896; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 iyul tarixli 1395 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1.2-ci yarımbəndə “istifadəsinə” sözündən sonra “və enerji effektivliyinə” sözləri əlavə edilsin;
3.2. 2.1.4-cü yarımbənd ləğv edilsin;
3.3. 2.2-ci bənddə “Enerjiyə qənaət və enerji resurslarından səmərəli istifadəyə” sözləri “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyinə” sözləri ilə əvəz edilsin;
3.4. 2.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.2.6-cı yarımbənd əlavə edilsin;
“2.2.6. effektivlik potensialının qiymətləndirilməsi əsasında enerji effektivliyinin təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi.”.
4. Bu Fərman 2022-ci il iyulun 1-dən qüvvəyə minir.


Tarix: 20-08-2021, 14:14 Oxunub: 87


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı