Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilir. Bu hava limanının tikintisi mənim tərəfimdən bir müddət əvvəl elan edilmişdir. Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq. Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər Laçında hava limanının təməlqoyma mərasimində çıxışında deyib:
"Müharibə başa çatandan sonra Kəlbəcər və Laçın rayonlarında beynəlxalq hava limanları tikilməsi üçün yerin axtarışı, əlbəttə, çox vaxt apardı. Çünki Kəlbəcər və Laçın rayonlarının relyefi elədir ki, burada düzən yer tapmaq mümkün deyil. Baxmayaraq ki, hər iki rayonun çox geniş ərazisi var, - dağlar, meşələr, dərələr, təpələr, - düz yol, düz yer demək olar ki, yoxdur. Yeganə bu yer seçildi ki, burada yenə də böyük torpaq işləri aparmaqla hava limanının tikilməsi mümkündür. Mən hesab edirəm ki, dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Çünki bütün hava limanları adətən düzən ərazidə inşa edilmişdir. Burada belə yer olmadığı üçün yeganə yer bura - Laçın rayonunun Qorçu kəndi seçilib. Bu yerin üstünlüyü, eyni zamanda, ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq. Dediyim kimi, burada böyük torpaq işləri aparılacaq. Bəzi boşluqlar doldurulacaq. Yəni, torpaq işləri vaxtımızı aparan əsas işlər olacaqdır".
Bölməyə aid digər xəbərlər