19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Putin: "Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub.
Prezident İlham Əliyevi salamlayan Prezident Vladimir Putin dedi:
-Hörmətli İlham Heydər oğlu, Sizi Moskvada bir daha salamlayıram. Təklifimi qəbul etdiyinizə, Rusiyanın paytaxtına gəldiyinizə görə Sizə bir daha təşəkkür etmək istəyirəm.
Təbii ki, ötən ilin ən mühüm hadisəsi Dağlıq Qarabağda vəziyyətin ağır keçməsi olub. Lakin mən məmnun olduğumu bildirmək istəyirəm ki, biz hər halda döyüş əməliyyatlarına, qan tökülməsinə son qoya bildik. Bugünkü işin nəticələri barədə indicə dediyimiz kimi, sülhməramlı missiya öz funksiyasını yerinə yetirir və bütövlükdə vəziyyət tədricən normallaşır. Bu gün bizim imzaladığımız birgə Bəyanatın əsasını uzunmüddətli perspektivdə vəziyyətin nizamlanması istəyinin təşkil etməsi isə, fikrimcə, çox vacibdir.
Lakin Dağlıq Qarabağ nizamlanması ilə bağlı hadisələrin kontekstindən əlavə, bizdə ikitərəfli gündəlik də mövcuddur və bununla əlaqədar, bizim Böyük Vətən müharibəsində Qələbənin 75 illiyini qeyd etməyimizlə bağlı işi bir daha vurğulamaq və təşəkkürümü bildirmək istərdim. Bu, bütün ölkələrimiz üçün, postsovet məkanındakı bütün ölkələr üçün çox əlamətdar hadisə idi. Ona görə ki, biz hamımız o vaxtkı ümumi vətənimizin azadlığı, müstəqilliyi uğrunda mübarizədə iştirak edirdik.
Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Bu, ilk növbədə, əlaqələrin iqtisadi tərkib hissəsinə aiddir. Bizim birgə işimizin əksər istiqamətləri, o cümlədən iqtisadiyyat istiqaməti üzrə üst-üstə düşən maraqlarımız çoxdur. Mən çox ümid edirəm ki, bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması üzrə iş, şübhəsiz, indicə dediyim kimi, bizim ikitərəfli münasibətlərin də xeyrinə olacaq. Mən onu əsas götürürəm ki, bu nizamlama bizim həm iqtisadiyyatda, həm də humanitar sahədə daha sıx, daha sistemli münasibətlər qurmağımıza imkan verəcək.
Bu gün Moskvada olmağınıza görə Sizə bir daha təşəkkür etmək istəyirəm.
XXX
Prezident İlham Əliyev dedi:
-Sağ olun, hörmətli Vladimir Vladimiroviç.
Rusiya paytaxtında olmaq mənə həmişə xoşdur. Dəvətə, həmçinin üçtərəfli görüşün keçirilməsi təşəbbüsünə görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim. Görüş çox faydalı və hesab edirəm ki, səmərəli oldu. Ona görə ki, görüşün yekunlarına əsasən biz Bəyanat imzaladıq. Bu, müharibə qurtarandan iki ay sonra imzalanmış və mahiyyət etibarilə keçən il baş verənlərə yekun vuran ikinci Bəyanatdır. Bu Bəyanat bizim regionda tamamilə yeni vəziyyət yaranmasına – nəqliyyat kommunikasiyalarının bərpasına yönəlib. Bizim üçün bu, böyük əhəmiyyət kəsb edir, çünki beləliklə, 30 ildən artıq müddətdən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Biz, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcəyik, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları birləşəcək. Yəni, bu Bəyanat çox böyük perspektivlər açır və əminəm ki, bizim bu gün yaratdığımız İşçi qrupu səmərəli işləyəcək, layihələrin reallaşdırılması barədə bizə vaxtaşırı məruzə edəcəkdir. Orada bir deyil, bir neçə layihə var. Əminəm ki, onlar hamısı reallaşacaq.
Hərbi əməliyyatların dayandırılmasında və 9 noyabr tarixli Bəyanatın imzalanmasında şəxsən iştirakınıza görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim. Hesab edirəm ki, Siz Rusiyanın lideri, həm Ermənistanın, həm də Azərbaycanın qonşusu kimi iradə, qətiyyət, müdriklik nümayiş etdirdiniz. Sizin təşəbbüsünüzlə baş tutmuş bugünkü görüş bir daha bu məsələyə necə böyük diqqət yetirməyinizə dəlalət edir. Təbii ki, bu, bizi çox sevindirir, çünki bütün regionda vəziyyətin müsbət inkişaf dinamikası çox cəhətdən Ermənistan ilə Azərbaycan arasında artıq tarixdə qalmış münaqişənin nizamlanmasından asılı olacaq. Tamamilə yeni, əvvəllər bəlkə də hətta təsəvvür edə bilməyəcəyimiz perspektivlər açılır.
İkitərəfli münasibətlərə gəldikdə isə, ötən ilin pandemiya ilə əlaqədar ağır keçməsinə baxmayaraq, hər halda bizdə əmtəə dövriyyəsinin azalması o qədər də çox olmayıb. Əminəm ki, bu il biz bütün bunları kompensasiya edəcəyik. Gündəlikdə, o cümlədən iqtisadi sahədə çox geniş məsələlər durur. Siyasi sahədə Azərbaycan və Rusiya artıq çoxdandır ki, strateji tərəfdaşlardır. Müharibənin dayandırılmasında, habelə sülhməramlı missiyada Rusiyanın fəal iştirakı məhz ona dəlalət edir ki, bu uzunmüddətli strateji tərəfdaşlıq münasibətlərinin çox yaxşı dinamikası var.
Siz ölkələrimiz arasında humanitar əməkdaşlığı qeyd etdiniz. Bu əməkdaşlıq həmişə yüksək səmimiyyəti, səmərəliliyi və konkret nəticəyə yönəlməsi ilə fərqlənib. Bütün başqa sahələrdə də biz həm bu il, həm də sonrakı illərdə çox səmərəli əməkdaşlıq etmək əzmindəyik. Ermənistan ilə Azərbaycan arasındakı vəziyyət uzun illər boyu yaranıb və nəticə etibarilə həll edilib. Mən əminəm ki, erməni tərəfi 9 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməyəcək, hər iki xalq gələcək barədə və barışıq haqqında fikirləşmək üçün özündə iradə və müdriklik tapacaq.
Dəvətə görə və bu təşəbbüsünüzə görə bir daha sağ olun.
Vladimir Putin: Sizə təşəkkür edirəm.


Tarix: 12-01-2021, 07:25 Oxunub: 85


Bölməyə aid digər xəbərlər