Manatın məzənnəsinin sabitliyinin qorunması həm qısa, həm də ortamüddətli dövrdə makroiqtisadi sabitliyin əsas lövbəri rolunda çıxış edəcəkdir.
QanunXəbər.com xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Bəyanatda qeyd edilib ki, cari ildə də manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə əsasında müəyyən edilmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur.
Manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. 11 ayda manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 8.8%, real effektiv məzənnəsi isə 6.3% bahalaşmışdır. Qeyd edək ki, 2014-cü ilin sonundan bəri real effektiv məzənnə 29.5% ucuzlaşmışdır ki, bu da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə müsbət təsir göstərən amildir.
İnflyasiya hədəfinə nail olmaq üçün pul siyasətinin aralıq hədəfləri olaraq məzənnə, pul təklifi və faiz dərəcələrindən qərarların transmissiya xüsusiyyətləri nəzərə alınmaqla istifadə ediləcəkdir.
Pul siyasəti yürüdülərkən manatın məzənnəsinin inflyasiyaya qısa və ortamüddətli ötürücülüyü diqqətdə saxlanılacaqdır.İstehlakda idxal mallarının əhəmiyyətli paya malik olması məzənnənin başlıca inflyasiya amili olmasını şərtləndirir. Növbəti ildə də valyuta bazarında tarazlıq tədiyə balansının vəziyyətindən, dövlətin valyuta tələbi və təklifindən, habelə iqtisadi subyektlərin məzənnə gözləntilərindən asılı olacaqdır. Zəruri hallarda bundan sonra da valyuta bazarında tarazlığı təmin etmək üçün hökumətlə birlikdə qabaqlayıcı tədbirlər görüləcəkdir. Valyuta tənzimlənməsinin optimallaşdırılması işləri 2021-ci ildə də diqqətdə saxlanılacaqdır.
Bölməyə aid digər xəbərlər